"Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb" AÇIQLAMA-ÖZƏL

“Qərb tərəfindən İrana tətbiq olunan sanksiyalar iflas vəziyyətində olan Ermənistan iqtisadiyyatını çox ciddi təsir göstərəcək. Bu baxımdan da Ermənistan tərəfindən səslənən mesajların bir neçə istiqamətə yönəldiyini deyə bilərik. Ermənistan bu fikirlərlə yenə də təxribata əl atır və Türkiyənin reaksiyasını öyrənməyə çalışır”. Bu fikirləri SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Paşinyanın Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduqları ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Paşinyanın növbəti dəfə belə mesajlar ünvanlamasının səbəbi Türkiyə-Azərbaycan münasibətlərində hər hansı bir formada çat yaratmaq istəyi ilə bağlıdır: “Təbii ki, bu mümkün deyil. Lakin elə bir situasiya yarana bilər ki, Ermənistan üçün yeganə çıxış yolu Türkiyə ilə münasibətlərinin normaya qoyulmasından ibarət ola bilər. Bu halda isə Türkiyə ən sərt formada Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini gündəmə gətirəcək. Yəni hazırda proseslər o istiqamətdə cərəyan edir ki, Ermənistanın işğala son qoymaqdan başqa çıxış yolu qalmayıb. Bu artıq qabarıq şəkildə özünü büruzə verməkdədir”.

Paşinyanın hakimiyyətə gəlməsinə yandırılan yaşıl işığın təsadüfi olmadığını dilə gətirən E. Mirzəbəyli söyləyib ki, Ermənistanda keçirilən seçkilərdə total pozuntulara baxmayaraq, nə Qərb təşkilatları, nə də MDB müşahidəçi missiyası prosesin əleyhinə hər hansı fikir səsləndirmədi: “Görünür ki, hər iki tərəf faktiki olaraq Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdırlar. Bu, şübhəsiz ki, regionda baş verən proseslərlə, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ola bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə