"Beynəlxalq görüşlərin ölkəmizdə keçirilməsi Azərbaycanın neytral siyasətinin nəticəsidir" ŞƏRH-ÖZƏL

“Azərbaycanın həyata keçirdiyi neytral siyasət nəticəsində Bakı beynəlxalq görüşlərin ev sahibliyi etdiyi məkana çevrilib”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.

O bildirib ki, Azərbaycanın infrastrukturu, eləcə də təhlükəsizliyi beynəlxalq görüşlər üçün cəlbedici sayılır: “Azərbaycanda beynəlxalq tədbirləri, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var. Bütün bunlar ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi hallarının sayının artmasına imkan verən məsələlərdir və beynəlxalq səviyyədə nəzərə alınır”.

Deputatın sözlərinə görə, Ermənistanın NATO üçün, Gürcüstan isə Rusiya üçün məqbul sayılmadığını nəzərə alsaq, hər iki tərəfin rəsmilərinin görüş üçün Azərbaycan Qafqaz ölkələri arasında ən məqbul ölkə sayılır: “Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində onlar Avropada və digər ölkələrdə görüşmək imkanında deyillər. NATO ölkələrinin də rəhbərliyi Rusiyanın əl altı dövlətlərə getmək istəmir. Azərbaycanın bütün məsələlərdə neytral olduğu nəzərə alınaraq, bu görüşün Azərbaycanda keçirilməsi hər iki tərəf üçün daha cəlbedicidir”.

R. Musabəyov qeyd edib ki, Azərbaycanın beynəlxalq tədbirlərə, eləcə də görüşlərə ev sahibliyi etməsi, dünyanın ölkəmizə diqqətini daha da artırır: “ Bütün dünya mediasının diqqəti Azərbaycana yönnəlir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına da üstünlüklər gətirir”.

Qeyd edək ki, ötən gün Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə