"Ermənistanda küçə etirazları yenidən başlaya bilər" AÇIQLAMA-ÖZƏL

“Paşinyan əhaliyə çoxlu vədlər verib. Bu vədlərin içərisində iqtisadi islahatların həyata keçirilməsi, ölkəyə xarici investisiyaların gətirilməsi, işsizliyin aradan qaldırılması, əhalinin maddi rifah halını yaxşılaşdırılması kimi köklü islahatlar var. Lakin bütün bunları yerinə yetirmək üçün Ermənistanın maliyyə vəsaiti yoxdur ”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ermənistan investisiya məsələsində də ciddi problermlərlə üzləşəcəyini indidən söyləmək olar: “Heç kim pulunu riskli zonada, riskli biznesin inkişafına sərf etməyək. Ermənilərin mühüm maliyyə qaynağı olan, xaricdə yaşayan erməni milyonerləri də artıq bu ölkəyə pul göndərməsini dayandırıblar. Çünki, onlar göndərdikləri maliyyənin hara xərcləndiyini bilmək istəyirdilər”.

Q. Hüseynli söyləyib ki, erməni diasporunun yardımı yalnız cüzi tədbirlər üçün yetərli ola bilər: “ Böyük islahatların həyata keçirilməsi, sənaye sahələrinin yaradılması böyük məbləğdə maliyyə tələb etdiyini nəzərə alsaq, o zaman düşmən ölkənin vəziyyətinin getdikcə çətinləşəcəyi demək mümkündür”.

Ermənistan dünya investorları üçün cəlbedici ölkə olmadığını xüsusi vurğulayan politoloq qeyd edib ki, investorlar yalnız yüksək yol infrastrukturu olan ölkələrə maraq göstərirlər: “Bu ölkənin dənizə açılan sahəsi yoxdur. Eləcə də dəmiryolu strukturu da çox primitiv və məhduddur. Bütün bunlar Ermənistanın qarşısında investisiyanın cəlb edilməsi baxımından ciddi çətinliklər yaradacaq”.

Q. Hüseynli hesab edir ki, bütün çətinliklərin qarşısında Ermənistan vətəndaşları uzağı 6 ay gözləyə bilərlər: “ Əgər bu müddət ərzində onların süfrələrində, gəlirlərində dəyişiklik olmasa narazılıq yenidən başlayacaq ki, bu da nəticə etibarı ilə müxalifət elektoratının güclənməsinə səbəb olacaq. 10-a yaxın müxalifət partiyası birləşərək blok halında birləşiblər. Onlar narazılıqları çox asanlıqla öz sıralarına çəkərək, ölkədə balanslaşdırılmış mövqelərin formalaşmasına gətirib çıxaracaq. “Qarabağ klan”ı Paşinyandan acıqlıdır. Koçaryanın həbsindən sonra İrəvanın küçələrinə etirazçılar çıxaraq onun dərhal həbsdən azad edilməsini tələb edirlər. Bu onu göstərir ki, Ermənistanda küçə yürüşləri, mitinqlərin keçirilməsi çətin olmayacaq. Küçə etirazları mexanizmləri yenidən işə düşə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə