Ermənistanda transmilli terrorizm təhlükəsi var ANALITIK

ABŞ-ın bu ölkədəki səfirliyi vətəndaşlarını bu ölkəyə səfər etməkdən çəkindirən bəyanatla çıxış edib

Ermənistanda istər yerli, istərsə də xarici vətəndaşların təhlükəsizliklərinin təminatı məsələsi əsas problemlərdən biri olaraq qalmaqdadır. İstər öncəki hakimiyyətlər, istərsə də hazırkı Paşinyan hakimiyyətində bu ölkənin təhlükə mənbəyi kimi qiymətləndirilməsi fakta çevrilib. Əbəs deyil ki, bugünlərdə ABŞ-ın Ermənistandakı səfirliyi növbəti bəyanatını yayaraq, öz vətəndaşlarını bu ölkəyə səfər etməkdən çəkinməyə çağırıb, eləcə də, Ermənistanda olan amerikalıları yeni il bayramı astanasında diqqətli olmağı tövsiyə edib. SİA xəbər verir ki, bu barədə armeniasputnik-in rusdilli şərh bölümündə yazılıb.

Lakin diqqət yetirərsək, görərik ki, hər halda, bu bəyanatı hansısa banan ölkəsi deyil, dünyanın siyasi hegemonu hesab edilən ABŞ-ın diplomatik nümayəndəliyi yayıb. Yayıbsa, demək ki, ortada ciddi və təkzibolunmaz faktlar, dəqiq məlumatlar var. Söz yox ki, ABŞ səfirliyinin bayram ərəfəsində bu kimi bəyanat yayması erməniləri ciddi şəkildə pəjmürdə edib. Daha dəqiq desək, sözügedən bəyanatda Ermənistanda bayram öncəsi ənənəvi olaraq, cinayət dərəcəsinin sürətlə artması məsələsi diqqət çəkir.

Daha bir səbəb isə Ermənistanın transmilli terror təşkilatları ilə əlaqələrinin, sıx bağlılıqlarının olmasıdır. Təkcə, bir fakta nəzər salsaq, daha doğrusu Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayaraq, bu ərazilərimizi terrorizə etməsini, erməni və PKK və s. terror təşkilatlarının Ermənistanın dəstəyi ilə işğal olunmuş zonalarda gizli düşərgələr salmasını xatırlasaq, bu zaman həmin ölkənin qaranlıq məqamlarını bir daha ortaya çıxarmış olarıq. Belə olan vəziyyətdə, ermənilərin məişət cinayətləri törətmələri üçün necə deyərlər, heç bir problemlərinin olmadığı qənaətinə də gələ bilərik. Yəni, Ermənistanda cinayət törətmək ermənilər üçün su içmək kimi bir şeydir...

O da əbəs deyil ki, ABŞ-ın Ermənistandakı dipkorpusu konkret məsələlər üzərində dayanıblar və yalnız cibgirliklər və mənzil oğurluqları deyil, eyni zamanda, transmilli terror təşkilatları və Avropada formalaşmış, həmçinin ekstremist ideologiyası ilə qidalanmış insanlar barədə də faktlar önə sürülüb. Səfirliyin bəyanatının bir bəndində vurğulanıb: “Ekstremistlərin diqqət mərkəzində əsasən, turistlərin daha çox olduğu ticarət mərkəzləri, hava limanları, klublar, restoranlar, ibadət məkanları, nəqliyyat bağlantıları dayanır”.

Maraqlıdır ki, bütün bu kimi sübut və dəlillər ciddi diplomatik qurum tərəfindən irəli sürülsə də, ermənilər bütün bunlardan hər nə cür olursa-olsun, özü də ənənəvi təbirləri vasitəsilə yaxa qurtarmağa çalışırlar. Hər vəchlə bu faktları inkar etməyə çalışan ermənilər sözügedən bəyanata qarşı öz “sübutlarını” irəli sürülər. Belə ki, “International SOS” deyilən səhiyyə və turizm xidmətinin bir müddət öncə guya Ermənistanı “ən təhlükəsiz ölkə” kimi təqdim etməsini sözün əsl mənasında zorla sırımağa çalışırlar. Lakin unudurlar ki, bu təqdimatı adi bir təşkilat önə sürüb və ABŞ kimi qlobal güc mərkəzinin önə sürdüyü bəyanatından heç vaxt dəqiq ola bilməz.

Beləliklə, təkcə bu faktın özü belə düşünməyə və qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Ermənistanda dəyişmiş hakimiyyətə rəğmən, bu ölkədəki təhlükə mənbəyi qalmaqda davam edir. İstər məişət və s. tipli cinayət əməlləri, istərsə də qlobal transmilli terrorizm amilləri get-gedə daha da artmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb. Hər halda, ABŞ-ın Ermənistandakı səfirliyi durduğu yerdə belə bir bəyanatı öz vətəndaşları üçün ictimailəşdirməzdi. Daha dəqiq desək, ortada faktlar var.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə