Robert Koçaryanın azadlığa buraxılması tələb edilir AKSIYA+FOTOLAR

Paşinyanın tərəfdarları aksiyada təxribat törətmək istəyiblər

Ötən axşam İrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azadlığa buraxılmasının tələb edilməsi ilə bağlı mitinq-yürüş keçirilib. SİA kavkazsiy uzel-ə istinadən xəbər verir ki, mitinq-yürüşün təşkilatçısı Armen Minasyan aksiyaya nəzarət edən polisə diqqətli olmağa və hansı bir təxribat törədilməsi mümkünlüyünün qarşısını almağa çağırıb.

Jurnalistlərə açıqlama verən aksiya təşkilatçısı bəyan edib ki, Ermənistanda ədalət məhv edilib və onu yenidən yaratmaq lazımdır. Onun sözlərinə görə, etiraz aksiyaları Robert Koçaryanın azad olunacağı vaxta qədər davam etdiriləcək. “Bütün erməni qanunlarını, konstitusiyasını, beynəlxalq hüquqları tapdalayaraq, insanı günahkar çıxarmaq və “Koçaryanın günahkar olmasını KİV-lər, xalq elan etdi” iddiası ilə çıxış etmək Paşinyana aid olan ifadələrdir”, deyən Minasyan əlavə edib ki, bir insanı günahkar elan etmək hüququ yalnız məhkəmədə ola bilər. “Lakin Ermənistanda məhkəmə də yoxdur”, etiraz mitinqinin təşkilatçısı deyib.

Armen Minasyan hesab edir ki, Ermənistan prokurorunun Koçaryanın həbsi ilə bağlı iddia qaldırması, eləcə də məhkəmədə iştirak edərək, təzyiq göstərməsi yolverilməz haldır. “Ermənistanda hüquq sistemi seçimlə fəaliyyət göstərir”, deyə o bildirib.

Aksiya zamanı polis aksiya iştirakçılarının yolunu kəsib. Lakin etirazşılar polisə xatırladıblar ki, Nikol paşinyan hakimiyyətə məhz yolları kəsməklə gəldi.

Aksiya iştirakçısı, “Vətəndaş platforması” təşəbbüs qrupunun nümayəndəsi, ictimai işlər üzrə mütəxəssis Siranuş Serobyan isə bildirib ki, Ermənistan hakimiyyəti birmənalı olaraq, Koçaryanı siyasi motivlərlə həbs edib. “Bu gün Ermənistanda qanunsuzluq hökm sürür. Telefon danışıqlarının güc strukturları və baş nazir tərəfindən gizli dinlənilməsi növbəti dəfə o faktı sübuta yetirir ki, artıq bütün qanunlar istənilən kimi, seçimlə tətbiq olunur, məhkəmələrə təzyiqlər edilir. Koçaryanın həbsi isə mövcud hakimiyyətin ambisiyalarının təmin olunmasıdır”, deyə Serobyan bildirib.

Aksiya zamanı yeni hakimiyyətin bəzi tərəfdarları həmin məkana gedərək, Koçaryan tərəfdarları ilə söz qarşıdurmasına çıxaraq, bir-birlərini ən sərt şəkildə təhqirlərə məruz qoyublar. Belə ki, Robert Koçaryanın tərəfdarları Paşinyan tərəfdarlarını təxribat törətməməyə və söz demək hüquqlarını pozmamağa çağırıblar.

“İnqilab qalib gəlib və bir çoxlarını öz yerlərində oturdub. Yaxın vaxtlarda mənim özüm “Koçaryanı mühakimə etmək” şüarı ilə aksiyalara başlayacağam”, deyə Paşinyan tərəfdarı, hüquqşünas Haykaz Makaryan etirazçılara xitabən bildirib.

Nəticədə Koçaryanın tərəfdarları söz qarşıdurmasını tərk edərək, Respublika meydanına tərəf üz tutublar. Təşkilatçılar bəyan ediblər ki, yaxın vaxtlarda növbəti addımları ilə bağlı ictimaiyyəti məlumatlandıracaqlar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə