Çubuğuna qüvvət, dərviş baba! - PAMFLET

Bir neçə həftə öncə, bir yazımda rəhmətlik babamız Dərviş Məstəli şahın iki əsr öncə, Parisi "partlatması əməliyyatı"ndan yazmışdım. Firənglər məni qınamasın, vallah-billah, heç inana da bilməzdim ki, mənim kimi kasıb, qəpiyə güllə atan, qızılı-flanı olmayan fağır bir bəndənin xahişinə Dərviş Məstəli şah bu qədər tez reaksiya verəcək. Görünür rəhmətlik özü dünyada baş verənlərdən xəbərdardır və mənim çağırışım da əlinə bəhanə verib ki, o zamankı dərsdən lazımınca nəticə çıxarmayan Parisi və firəngləri yenə cəzalandırsın.

Bir həftədir ki, Paris yenidən qarışıb. Bu ölkənin indiki padşahı (yəni prezidenti) imansız İmmanuel Makron başını itirib. Gah buyurur ki, sarıgödəkçəlilərin tələbləri rədd edilir. "Sarılar" bir az da həmlə edən kimi çıxıb bəyan edir ki, bəzi tələblərə baxa bilər. Elə ki, "sarılar" bir az da qışqır-bağır salırlar, bu dəfə elan edir ki, bütün tələbləri yerinə yetirəcək. Düzünü deyim ki, bu məqamda Makaron (üzr istəyirəm) Makron cənablarına əməlli-başlı yazığım gəldi. Ona görə yox ki, üsyançılar onun dizini yerə qoya bildilər və qatlanmış dizinin üstündə bir həftə əvvəl verdiyi qərarı dəyişməyə vadar etdilər. Ona görə ki, Makron hələ də qana bilmədi ki, problemin kökü sarıgödəkçəlilərdə deyil, Dərviş Məstəli şahda və onun sevimli cinləri, ifritləri olan Əlixada, Vəlixada və Məlixadadı.

Köhnə prezident Sarkozi də meydana çıxıb, Makronu qınadı və onu səhvlərlə dolu idarəçilikdə suçladı. Hətta yenidən hakimiyyətə qayıtmaq fikrinə düşdüyünü də açıqladı (Yıxılana balta çalan çox olar!). Demək ki, heç Sarkozi də qanmır ki, məsələnin kökü əmək haqqı və yaxud pensiyalarla bağlı deyil. Məsələnin kökü Fransanın bu gün dünyada apardığı haqqa, ədalətə sığmayan xarici siyasətindədir. Yəni harda bir fağır millət tapır, sülh, demokraiya, insan haqları şüarlarını qaldırıb başının üstünə, özünü verir ora, nəyi varsa çapıb-talayır, sonra da üzvü olduğu BMT TŞ-də buna beynəlxalq hüquqi don geydirir, fağır millət də talanmış məmləkətlərində başlayır yarı ac - yarı tox yaşamağa. Neyləsinlər, BMT-nin TŞ-sinə gücləri çatası deyil ki! Oranın palaz boyda qərarını alıb əlinə firənglər, bu binəva milləti də məcbur eliyirlər ki, qərara qarşı çıxsa, ölkəyə "sülhməramlı"(???) güclər yeridiləcək.

Bunların hamısı bir yana, bizi maraqlandıran məsələnin başqa tərəfidir. Dərviş Məstəli şahı köməyə biz çağırdığımıza və dərviş babamızın da bizim sözümüzü yerə salmayıb dərhal Əlixa, Vəlixa və Məlixa cinləri ilə Parisdə peyda olmalarına görə, bizcə, indiki dağılmanın başqa səbəbi var. Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində beynəlxalq aləmi təmsil eliyən Minsk Qrupunun həmsədrlərindən biridir. Yəni bu missiya firənglərdən tələb edir ki, hər iki münaqişə tərəfinə eyni standartla yanaşsın. Amma Paris başbilənləri burda misli görünməmiş ikili standartlarından əl çəkmir ki, çəkmir. Separatizmi cinayət kimi təsbit edən beynəlxalq sənədlərə hamıdan öncə, imza atan firənglər Dağlıq Qarabağ separatçılarının ayaqları altına xəli sərib qəbul edirlər.

Azərbaycanda bir xəyanətkara "qaşın üstündə gözün var" deyən kimi çığır-bağır salan firəng siyasiləri, Ermənistanda baş verən, insan haqlarının kobud şəkildə pozulduğunu açıq-aşkar nümayiş etdirən hadisələri görməzdən gəlirlər. Yəni, el dili ilə desək, bizdə tük axtaran firənglər ermənilərin şalbanlarını görməzdən gəlirlər. Firəng iş adamları işğal olunmuş torpaqlarda biznes qurur, bizim sərvətlərimizi daşıyırlar. Firəng siyasilər, müntəzəm olaraq, Azərbaycanın işğal altında olan ərazilərinə səfərlər edir və separatçıları ruhlandırırlar ki, möhkəm olun, sonda qalib siz olacaqsınız. Bax, bunlar və sadalamadığımız çox faktlar var ki, Parisin bizdən Dərviş Məstəli şahın qisasını almaq istəyində olduğunu anlayasan. Belədə bizim də dərviş babamıza üz tutmaqdan başqa əlacımız qalmadı. O da gəldi. Fəaliyyətə də başlayıb.

Çubuğuna qüvvət, dərviş baba, pəs eləmə, ya bu firəngləri qaytar haqqın yoluna, ya da Əlixanın, Vəlixanın, Məlixanın güclərindən axıracan istifadə elə. Çünki ədalətin, haqqın, ən başlıcası, vicdanın itdiyi bu dünyanı xilas etməyə bəlkə sizin güçünüz yetə.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə