Astarada Ulu Öndərin anım günü ilə əlaqədar elmi-praktiki konfrans keçirilib

Dekabrın 11-də Astara rayonunda Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın məlumatına görə, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə xalqımızın ümummili lideri, ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəqlik sükutla yad edilmiş, “Müstəqilliyimizin qurucusu - Heydər Əliyev” adlı film nümayiş etdirilib.

Konfransda çıxış edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, Azərbaycanın tarixi və taleyi xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.

Xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan şəhərində dünyaya göz açıb. Ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlib.

1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirib. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanıb

1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilib. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu.

Xalqın təkidi ilə ikinci dəfə siyasət meydanına qayıdan Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçildi. Bununla da həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümid və həyat verib.

Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər, yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik edib.

Sovet dönəmində və müstəqillik illərində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksək inkişaf ümummilli liderin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində olub. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə doğma Vətəninin tərəqqisi üçün yorulmadan mübarizə aparmış dahi şəxsiyyətdir. O, zəngin mədəniyyəti, tarixi keçmişi ilə həmişə

qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət edib. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.

Ulu öndərin arzu və ideyaları bu gün onun siyasi varisi, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bu yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Rayon Prokurorluğunun böyük müstəntiqi Ruslan Babazadə, Asxanakəran kənd İƏD nümayəndəliyi üzrə Ağsaqqallar Şurasının sədri Ramiz Gənciyev, Sərək kənd folklor evinin direktoru Yaqut Məmmədova, Rayon icra Hakimiyyəti aparatının məsul işçisi İsmət Quliyev çıxış ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə