Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə çevrilib - FOTOLAR-VİDEO

Bu gün Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran bir şəxs, xalqımızın böyük oğlu, dahi insan, ulu öndər Heydər Əliyevin xatirəsinin işığına toplaşmışıq. SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov dekabrın 11-də kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirdə söyləyib.

Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə reallaşan tədbirdə K. Tahirov Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan mənalı ömür yolundan, zəngin siyasi və dövlətçilik fəaliyyətindən danışıb. O, Ümummilli Liderin hakimiyyəti dövründə kitabxana işinin təşkilinin prioritet əhəmiyyət daşıdığını, cəmiyyətin mədəni həyatına təsir göstərən bir amilə çevrildiyini söyləyib.

Sonra qonaqlar Ulu Öndərə həsr edilmiş “Mədəniyyətimizin hamisi” adlı videoçarxa baxıblar.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərin əhəmiyyətindən geniş danışıb.

YAP-ın yaradılmasının tarixi zərurət kimi meydana çıxdığını deyən Ş.Hacıyev qeyd edib ki, həmin ərəfədə Azərbaycanda xaos hökm sürüb. Dağılmaqda olan ölkəni xilas etmək üçün Azərbaycanın bütün regionlarını təmsil edən 91 ziyalının Heydər Əliyevə ümumxalq müraciəti ünvanlaması, həmin il Yeni Azərbaycan Partiyasının təsis olunaraq Heydər Əliyevin YAP-ın ilk sədri seçilməsi milli dövlətçiliyimiz üçün mühüm dönüş nöqtəsi oldu. Ş.Hacıyev müstəqilliyin ilk illərində ölkəmizdə gedən proseslər, Heydər Əliyevin hakimiyyətə qayıtması, müasir Azərbaycan dövlətinin qurulması və Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi on il ərzində Azərbaycanda əldə olunmuş nailiyyətlərdən bəhs edib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. O deyib ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan müstəqil dövlət kimi qala bildi, inkişaf yoluna qədəm qoydu, gücləndi. Ulu Öndərin əsasını qoyduğu siyasət Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü siyasi qüvvəsi kimi özünü təsdiq edib.

YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu Öndərin siyasi fəaliyyətindən, ölkəsi üçün gördüyü əvəzsiz işlərdən bəhs edib.

“Heydər Əliyev olmasaydı Azərbaycanın mövcudluğundan, xalq olaraq mənəvi varlığımızdan belə söz gedə bilməzdi. Bu gün biz dahi şəxsiyyət Heydər Əliyevin sayəsində güclü və müasir bir ölkənin – Azərbaycanın vətəndaşı olmağımızla qurur duyuruq. Heydər Əliyev hətta Sovet hökuməti dövründə də hansı vəzifəni tutubsa yalnız ürəyi Azərbaycanla döyünüb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz siyasi və iqtisadi nüfuzuna görə inkişaf etdi, dünyada söz sahibi ola bildi, qabaqcıl ölkələrdən birinə çevrilə bildi. Tarixi vərəqlədikdə Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığı aydın görünür. Ölkəmizin müstəqilliyi böyük təhlükə altında idi. Həqiqi müstəqillik yalnız və yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu zamandan həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olub. Bu gün ölkəmiz Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənir, inkişaf edir, dünyada söz sahibi kimi tanınır”, - deyə V. Rəhimzadə vurğulayıb.

“Səs” Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşmasından, ölkəmizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışıb. Söyləyib ki, Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri olub. Bu gün müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutur. Prezident İlham Əliyev Heydər Əliyev ideyalarına söykənərək Azərbaycanımızın daha yüksək zirvələri fəth etməsi üçün uğurlu siyasət aparır.

Xalq artisti Hacı İsmayılov və digərləri çıxış edərək Ümummilli Liderin siyasi fəaliyyətindən, gördüyü işlərdən, ölkəmizin inkişafındakı xidmətlərindən danışıblar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə