“Ümummilli Lider dövlətçiliyimizi qoruyub saxladı" ÖZƏL-RƏY-SƏS TV

"Artıq 15 ildir ki, Ümummilli Lider Heydər Əliyev aramızda deyil. Ulu Öndər cismən bizlə olmasa da ruhən həmişə bizimlədir. Onun ruhu həmişə bizim üçün əzizdir və doğmadır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü İradə Hüseynova deyib.

Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycan tarixində çox böyük iz qoymuş qüdrətli tarixi şəxsiyyətdir: "Ümumiyyətlə XX əsrin sonu-XXI əsrin əvvəli bilavasitə Ulu Öndərin əməli fəaliyyəti ilə bağlıdır. Təbii ki, qüdrətli dövlət və siyasi xadim olaraq O, Azərbaycanın müxtəlif siyasi quruluşunda da hər zaman Azərbaycanın hərtərəfli inkişafını təmin edib. Ümumiyyətlə Heydər Əliyevin fəaliyyəti iki bir-birinə zidd olan ictimai-siyasi quruluş dövrünü keçmiş lakin O, hər bir dövrdən bəhrələnərək Azərbaycanın, xalqımızın hərtərəfli inkişafını təmin etmişdir. İstər 1969-82-ci illərdə yaradılmış çox güclü sosial-iqtisadi baza, intellektual baza Azərbaycanın tərəqqisini təmin edib. Mən deyərdim ki, o zaman bizim müstəqil Azərbaycan dövlətinin çox möhkəm sütunlarının bünövrəsi qoyulub. Heydər Əliyevin xalqımız, tariximiz qarşısında ən böyük xidməti ondan ibarətdir ki, O, bizim dövlətçiliyimizi qoruyub saxladı.

Hər birimizin gözü qarşısındadır ki, 1993-cü ilin iyun ayında Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çapaladığı zaman, xalqımız olum və ya ölüm dileması olduğu bir zamanda Heydər Əliyev ən çətin məqamda xalqın çağırışı ilə yenidən Azərbaycana böyük hakimiyyətə qayıdır. Onun hakimiyyətə qayıdışı bütün bu təhlükəli proseslərin qarşısını alır. Bundan sonra Azərbaycanda müxtəlif sahələrdə pozitiv dəyişikliklər baş verdi. Beləcə Azərbaycan dünya birliyində də özünü məhz etibarlı, qüdrətli bir dövlət kimi təsdiq etdi. Nə gözəl ki, bu siyasi kurs bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilir. Bu gün Heydər Əliyevin işıqlı, nurlu ideyaları yaşayır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə