Ermənistanda seçki saxtakarlığının əsas faktları açıqlandı - ÖZƏL

“Rəsmi məlumatlara görə, Ermənistanda seçki təbliğatına Paşinyanın “Mənim Addımım” bloku tərəfindən 0.5 milyard dollar, respublikaçılar partiyası tərəfindən 250-300 min dollar vəsait xərclənib. Lakin respublikaçılar partiyası xərclədiyi vəsait qarşısında heç 5 faiz belə səs toplaya bilməyib. Bu da o deməkdir ki, Paşinyan inzibati resurslardan istifadə edərək onlara bu səsi toplamağa imkan verməyib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ermənistanda keçirilən seçkilərin saxtakarlığı ilə bağlı digər fakta toxunan politoloq söyləyib ki, Qagik Çarukyanın Çiçəklənən Ermənistan Partiyasının yığdığı səs faizi onun üzvlərinin sayı ilə üst-üstə düşmür: “Səsvermələrin nəticələrinə görə, Qagik Çarukyanın partiyası 10 faizə yaxın səs çoxluğu qazanaraq ikinci yerdə qərar alıb. Bu da bu ona səs verənlərin sayının təxminən 100 mindən bir az çox olması deməkdir. Hərçənd ki, Çiçəklənən Ermənistan Partiyası üzvlərinin sayına görə seçilən partiyadır. Onun üzvlərinin sayı ən azı 200 mini aşır. Belə olan halda, partiya necə ola bilər ki, cəmi 100 min səs toplasın? Bu o da seçkilərdə saxtakarlıqla bağlı növbəti faktdan xəbər verir ”.

İ.Vəlizadə qeyd edib ki, seçkilərdə saxtakarlığın əsas nümunələrindən biri səsvermədə əhalinin yarısından çoxunun iştirak etməməsidir: “Bu ölkənin əhalisinin yarısından çoxu kənarda yaşayır. Belə olan halda, onların da bülletenlərindən istifadə hallarının olduğunu demək mümkündür. Paşinyana ümumi seçicilərin cəmi 1/3 hissəsi “hə” deyib. Bu da o deməkdir ki, səs verənlərin 60 faizindən çoxu ya ümumiyyətlə səsvermədən imtina ediblər, ya da onun əleyhinə səs veriblər. Ucqar yerlərdə yaşayan ermənilərin isə ümumiyyətlə görünür seçkilərdən xəbəri olmayıb. Görünür seçkiyə gəlməyənlərin böyük qismi nəticələrin necə olduğunu əvvəlcədən bildikləri üçün seçkidən imtina etmişdilər”.

Beynəlxalq təşkilatların baş verənlərə susmasına gəlincə politoloq vurğulayıb ki, Qərb təşkilatlarının bu məsələlərə göz yummasında səbəb Paşinyanın Qərb yönümlü olmasıdır: “Paşinyanın partiyasının üzvlərinin çoxu Qərbdən olan QHT üzvlərdir. Bunların hamısı şərtdir”.

İ. Vəlizadə əlavə edib ki, bundan sonra Ermənistanı çox ağır günlər gözləyir: “Çünki, ölkədə sosial problemlərlə yanaşı, daxili, xarici məsələlər həll olunmamış qalır. İnanmıram ki, digər partiyalar Paşinyana meydanı tək zəbt etməyə imkan versinlər. Bundan başqa Paşinyanın hakimiyyətə gəldiyi blokun özündə belə parçalanmaların olması istisna edilmir. Blokda müxtəlif siyasi baxışlara malik olan nümayəndələr təmsil olunduğunu nəzərə alsaq, onlar arasında münasibətlərdə təzadların olduğunu görmək mümkündür. Belə olan halda, düşünmürəm ki, onlar arasında münasibətlər normal şəkildə inkişaf etsin. Hər kəs növbəti illərdə yaxasını sosial-iqtisadi problemlərdən çəkərək iqtidarla distansiya saxlamağa çalışacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə