Fransız eyforiyasına qapılan küçə təfəkkürü TƏHLİL

Yaxud, bir vaxtlar “narıncı” olanlar indi də “sarılaşmağa” meyllidirlər

Hələ 2005-ci ildə Ukraynada “narıncı inqilab” başlayarkən, Azərbaycanın radikal müxalifəti dərhal öz ənənəvi ampulasından çıxış edərək, daha dəqiq desək, eyforiyaya qapılaraq, “narıncı” rəngə bürünüb küçələrə töküldülər. Üstəlik, o da unudulmayıb ki, həmin vaxt ABŞ prezidenti Corc Buşun şəkillərini başları üzərinə qaldıran müxalifət məhz Amerika layihəsinin Azərbaycanda da tətbiq edilməsinin tərəfdarı olduqlarını sübuta yetirdilər. Həmin faktlar bir daha təsdiq etdi ki, bu günün özündə də xarici təşkilatların və dövlətlərin əllərinə baxan radikal müxalifət əzəldən sözügedən ənənəsinə sadiq qalmaqdadır. Yəni bu gün Sorosun və s. araqarışdıran donor təşkilatların bir işarəsi bəsdir ki, bunlar dərhal buyruq qulu olaraq, süni hay-küy qaldırsınlar.

Küçə təfəkkürü və qeyri-sağlam siyasi mübarizə üsulu bu kimi sözdə müxalifətin qanına işləyib

Yeri gəlmişkən, Fransadakı “sarı jiletlilər”lə əlaqəli son hadisələr baş verər-verməz, Avropada “siyasi mühacir” adı altında var-gəl edərək qrant savaşına çıxanlar dərhal özlərini “fransız inqilabçıları” qismində hiss etdilər. Fransadakı qiyamın Azərbaycanda da baş verməsini istədiklərini açıq-aşkar, hətta həyasızcasına istədiklərini gizlətməyənlər sosial şəbəkələrdə canlı yayımlara çıxaraq, necə deyərlər, “ağıllı-ağıllı” fərziyyələrini ortaya atmağa başladılar. Necə ki, 2005-ci ildə “narıncı” olanlar kimi, bu dəfə də “sarı” rəngə çalmağa başladılar. Məhz bu amil də belə deməyə zəmin yaradır ki, küçə təfəkkürü və qeyri-sağlam siyasi mübarizə üsulu bu kimi sözdə müxalifətin qanına işləyib.

Ağ partiya: “Biz dağıdıcılıqla müşayiət olunan hər hansı prosesi təqdir etmirik və təkrar etmək də fikrində deyilik”

Lakin siyasi hadisələri konstruktiv şəkildə təhlil edən müxalifət qismi də var ki, onların əksəriyyəti 2003-2005-ci illərdə ölkədə çaxnaşmaların, sabitliyi pozmağa cəhdlərin olduğu bir zamanda radikallıq nümayiş etdirirdilər. Onlar artıq bu cür lüzumsuz, nəticəsiz siyasi mübarizənin yersiz olduğunu anlayır, küçələrə çıxmaq çağırışlarını rədd edirlər. Misal üçün, vaxtilə Müsavat partiyasının funksionerlərindən olmuş və hazırda Ağ partiyaya sədrlik edən Tural Abbaslı mətbuata açıqlamasında bildirib ki, Fransada insanlar prezident Makronun son qərarlarına etiraz olaraq aksiyalar keçirir, lakin bunları dinc etiraz aksiyaları adlandırmaq da uyğun olmaz: “Çünki artıq 3-cü həftədir ki, etirazçılar paytaxt Parisi demək olar ki, yandırıb-yıxır. Hətta bir çox dükanlar və bankomatlar qarət olunur. Odur ki, biz bu etirazlara birmənalı yanaşmanın tərəfdarı deyilik. Biz dağıdıcılıqla müşayiət olunan hər hansı prosesi təqdir etmirik və təkrar etmək də fikrində deyilik. Zamanında bizlər Azərbaycan müxalifəti olaraq “narıncı inqilabların" eynisini burada da təkrarlamağa çalışmışdıq. Lakin həmin dönəmlərdə bir çox obyektiv və subyektiv səbəblərdən bizdə bu etirazlar uğurla nəticələnmədi. Burada həmin dönəmdəki müxalifət liderlərinin səriştəsizliklərini, dünya birliyinin Ukrayna və Gürcüstandan fərqli olaraq bizə səmimi dəstək verməməsini, həmçinin belə inqilabların Azərbaycan cəmiyyəti tərəfindən tam qəbul olunmamasını da səbəb kimi göstərmək olar”.

Göründüyü kimi, müxalifət partiyasının sədri birmənalı olaraq, dağıdıcıl prisniplərinin heç vaxt uğur qazana bilmədiyini, bundan sonra da qazanıla bilinməyəcəyini etiraf edir. “Ağ partiya olaraq biz artıq hansısa hərəkat və inqilabların Azərbaycana süni şəkildə ixrac olunmasının tərəfdarı deyilik”, bildirən T.Abbaslı bu cür əməllərin ümumiyyətlə. Xslqımıza yad olduğunu deyib: “Çünki xalqımıza yad olan və cəmiyyət tərəfindən qəbullanmayan metodlarla uğur əldə etmək olmur. Həmçinin bu gün Fransa, Belçika, Hollandiyada olan etirazların və zamanında Ukrayna, Gürcüstan, ən son Türkiyədə “Gəzi olaylarının” arxasında xalqlardan daha çox beynəlxalq maraqlı güclərin durduğunu biləcək qədər də təcrübəmiz var. Bu etirazlara fikir versəniz görərsiniz etirazların simvolları, metodları, taktikaları tam eynidir. Belə hərəkatlar adətən Amerikanın hansısa dövlətlərə təzyiq etmək üçün Soros Fondu kimi qurumların əli ilə törətdikləri fəaliyyətlərdir…”

AMİP: “Azərbaycan müxalif liderlərinin xeyli hissəsi köhnəlib”

AMİP də dağıdıcılıq və radikal müxalifətçiliyin tərəfdarı olmadığını qeyd edir. “Azərbaycanda müxalifət çox pərakəndə və zəifdir, siyasi mübarizə meydanı dar çərçivədədir”, deyən Ə.Orucov əlavə edib ki, müxalifətin ictimai-siyasi proseslərə güclü təsiri hiss edilmir.

“Problem həm də ondan ibarətdir ki, ölkədə hər hansı dəyişiklikləri kənardan gözləyən hələ də müxalif qüvvələr var”, deyən müxalifətçi partiya sədrinin sözlərinə görə, onlar elə düşünürlər ki, Fransada, ərəb ölkələrində, yaxud elə Gürcüstanda gedən proseslərin eynisini Azərbaycana transfer etməklə nəyəsə nail olmaq olar. Lakin bununla yanaşı, AMİP yetkilisi onu qeyd edib ki, “Azərbaycan müxalif liderlərinin xeyli hissəsi köhnəlib, onları əvzləyəcək yeni müxalifətə ehtiyac yaranıb”.

Görünən isə budur ki, hansı ölkədə ən kiçik narazılıq yaranar-yaranmaz AXCP, Müsavat kimi partiyalar və onların Avropa ölkələrindəki “siyasi mühacirləri” hələ də küçə müxalifətçiliyi sindromundan əziyyət çəkirlər. Bu xəstəlik onlara sağalmaz yara vurduğu kimi, həm də siyasi ölüm saatlarını sürətləndirir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə