"Niyə Avropa Fransada baş verənlərə susur?" MÖVQE-ÖZƏL

“Fransada baş verən hadisələr tək bu ölkənin işi deyil. Proseslər artıq İspaniya, Belçika, Almaniyaya da keçib. Edilən etirazlar əslində insanların diktaturaya qarşı narazılığıdır”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

O bildirib ki, özlərini elitar sayan bir qrup insanlar milləti nəzərə almadan, Avropa Birliyi və digərlərinin adı altında istədiklərini edirlər: “Daxildə ikili standartlar həyata keçirərək, guya Vətən, dövlət üçün çalışdıqlarını göstərir, əslində isə bir qrup insanın, korporativ maraqlara xidmət edirdilər. Buna görə də Fransada noyabrın 17-dən yaşayış tərzinə narazılığı ifadə edən etiraz aksiyaları keçirilməyə başlanıb. Burada çox maraqlı məqam etirazların baş vermə tarixdir. Çünki, 1988-ci ildə də noyabrın 17-də Azərbaycanda da belə hadisə baş vermişdi”.

Y.Oğuz söyləyib ki, Artıq insanlar Avropa Birliyinə işləməkdən yorulub: “Onlar artıq öz dövlətlərinə işləmədiklərini başa düşüblər. Avropada sağ təmayüllü partiyaları nəzərdən qaçırmaq lazım deyil. Orada bu partiyalara daha çox üstünlük verilir. Almaniyada onlar bundestaqda, Fransada senatda yer aldılar. Avstriyada sağçılar ümumiyyətlə hakimiyyətə gəldilər. Artıq öz millətinin, dövlətinin maraqları üstünlük təşkil edir ki, bu da nəticə etibarı ilə Avropa Birliyinin daxili məsələlərində toqquşmalara gətirib çıxarır”.

Baş redaktor qeyd edib ki, Tunisdə göyərti satanın döyülməsi ilə nəticəsində “Ərəb Baharı” yarandısa, Fransada da “sarı jilet”lilərin etirazı, üsyanı başlayıb: “Hesab edirəm ki, Fransada baş verənlər davam edəcək. Etiraz aksiyalarında faktiki olaraq minlərlə insan döyülür, həbsxanaya atılır, kütləvi şəkildə yaralanıb xəstəxanaya düşürlər ki, bu da kütləvi şəkildə insan haqlarının pozulması deməkdir. Amma Avropa bu məsələdə də ikili standartlardan çıxış edərək baş verənlərə susur. Bunu Belçikada, Almaniya da görmək mümkündür. Nəyə görə, Türkiyədə və ya Azərbaycanda hər hansı hadisə baş verdikdə insan haqları gözə soxulur. Amma hazırda baş verənlərlə bağlı bir kimsə söz demir. Niyə? Bu göstərir ki, Avropanı bürüyən korrupsiya və korporativ maraqlar onlara insan və digər haqları müdafiə etməyə imkan vermir. Çünki, insan haqlarını qoruyan eləcə də digər təşkilatları həmin korporativ maraqlar yaradır və onların icazəsi olmadan kimsə bu haqda danışa bilmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə