"Ermənistandakı saxta seçkilərə beynəlxalq təşkilatlar mövqe bildirməlidirlər" RƏY-ÖZƏL

"Yayılan məlumatlar Ermənistanda seçkilərin demokratik şəraitdə keçmədiyini, prosesin bir diktənin təsiri altında inzibati resurslardan istifadə etməklə keçirildiyini göstərir. Nəticəsi də əvvəlcədən bəlli idi”. Bu fikirləri SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

O bildirib ki, nəticələrə əsasən, parlamentə buraxılan partiyaların hamısının Paşinyanın blokuna yaxın olması Paşinyan diktaturasının qurulduğunu göstərir.

Baş redaktor söyləyib ki, Ermənistanda baş verən saxta seçki prosesi ilə bağlı beynəlxalq təşkilatlar da öz mövqelərini bildirməlidirlər: “ Onların hesabatları ilə “Ermənistanda demokratik seçkilər keçirildi” fikri dağıdılmalıdır. Seçki günüdə yayılan informasiyalar, neqativ hallarla bağlı faktlar göstərir ki, bu seçki Ermənistan tarixində ən biyabırçı seçki oldu və bu rəylər beynəlxalq təşkilatların yekun rəylərində öz əksini tapmalıdır”.

Ermənistanın prezident üsul idarəsindən, parlament üsul idarəsinə keçdiyini xatırladan İ. Quliyev vurğulayıb ki, Paşinyan inqilab yolu ilə dövlət çevrilişi edib, hakimiyyətə gəldikdən sonra mütləq hakimiyyəti ələ almaq üçün növbədənkənar seçki keçirmək qərarına gəldi: “Müxalifət bu seçkinin keçirilməsinə razı olmasa da, Paşinyan ən müxtəlif təzyiq vasitələrini işə salmaqla, məqsədinə nail oldu”.

Baş redaktor qeyd edib ki, Azərbaycan üçün burada əsas məqam işğal olunmuş torpaqlarımızın azad olunması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda konstruktiv mövqenin nümayiş etdirilməsidir: “ Paşinyan inqilabdan sonra Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv, xaotik, bir-birini tamamlamayan, reallığa uyğun olmayan açıqlamaları ilə yadda qaldı. Bunu bəzən seçki prosesi, insanlardan səs çoxluğu qazanmaq üçün atılan addım kimi dəyərləndirənlər də var idi. Ümid edək ki, Paşinyan bu seçki prosesini başa vurduqdan sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları dərk edəcək, əlindəki imkanlardan istifadə edərək erməni xalqını sülhə hazırlayacaq və münaqişə ilə bağlı konstruktivlik nümayiş etdirəcək. İndiki halda, bizim seçkilərdən gözlədiyimiz əsas məqam bundan ibarətdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə