"Baş verənlər Fransanın ikili standartlardan çıxış etməsinin nəticəsidir" ŞƏRH-ÖZƏL

“Baş verən etirazlar Fransa tarixinin son 50 ilində baş verən ən ciddi etirazlardır və bunun Emmanuel Makronun dövründə baş verməsi təsadüfi hal deyil”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Baş verənlərdə diqqəti çəkən məqamları açıqlayan siyasi şərhçi söyləyib ki, Jak Şirakdan sonra bütün Fransa prezidentləri sanki kənardan təyin edilmiş və bu ölkənin ənənəvi siyasətinə zidd hərəkət edən fiqurlar kimi görünürlər.

Makronu hakimiyyətə gətirən qüvvənin maliyyə oliqarxiyası olduğunu deyən E.Mirzəbəyli bildirib ki, hazırda Fransa prezidenti həmin oliqarxiyanın maraqlarını açıq şəkildə müdafiə edir və etirazçılara qarşı sərt davranış sərgiləməkdən çəkinmir: “Maraqlı detallardan biri odur ki, ayrı-ayrı ölkələrdə hər hansı bir şəxsin cinayət əməlinə qarşı konkret siyasi hakimiyyət tərəfindən addımlar atılırdısa, təhlükəsizlik tədbirləri həyata keçirilirdisə, o zaman ən çox bərkdən çığıranlardan biri Makronun rəhbərlik etdiyi hakimiyyət və Qərbin müəyyən beynəlxalq təşkilatları idi. Amma bu gün Fransada baş verən hadisələrə yenə də göz yumulur və insanlara, hətta əlil şəxslərə qarşı ən sərt tədbirlərin həyata keçirilməsi, obyektiv şəkildə qiymətləndirilmir”.

Onun sözlərinə görə, hətta kütləvi informasiya vasitələrinin özü belə baş verən hadisələri ciddi və geniş şəkildə işıqlandırmaqdan çəkinirlər: “Biz birbaşa Fransa və ya Qərb mediasından geniş şəkildə informasiya ala bilmirik, məlumatlar alternativ vasitələrdən alınır. Əslində Fransada baş verənlərlə bağlı real mənzərə göz qarşısındadır. Bir zamanlar Liviya kimi ölkəni cəhənnəmə, xarabazara çevirən Fransa artıq özü bu reallıqlarla üz-üzə qalıb. Doğrudur, bu, sosial gərginlikdən doğan bir faktdır. İnsanlar üçün sosial amillər mühüm əhəmiyyət kəsb edir”.

Bu məsələdə Liviyanın adının çəkilməsi məsələsinə aydınlıq gətirən ekspert qeyd edib ki, Liviya dağılmamışdan öncə sosial və məhkəmə, hüququn aliliyi baxımından dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada iqtisadi, geosiyasi maraqlar öz sözünü dedi: “Sonradan məlum oldu ki, kütləvi iğtişaşçılar Fransa və digər dövlətlər tərəfindən dəstəklənən ayrı-ayrı terror qruplarıdır. Baş verənlər nəticəsində hələ də bəşəriyyət həllini tapmayan çox ciddi faciə ilə qarşı-qarşıyadır. İndiki dövrdə Fransada baş verən hadisələr bu ölkənin ikili standartlardan çıxış etməsindən irəli gələn mənzərədir. Bunun Liviyada baş verənlərlə heç bir əlaqəsi yoxdur. Amma Liviyada baş verən hadisələrin ucu da yenə maliyyə oliqarxiyasına çıxırdı. Keçmiş prezidentin seçki kampaniyasının məhz Liviya rəhbərliyi tərəfindən maliyyələşdirilməsi və daha sonra Fransanın davranışları qarşısında qarşı tərəfin bu korrupsiya faktını dilə gətirməsi ilə bir başa bağlı olan məsələ idi. Göründüyü kimi Qərb dəyərlərindən və standartlarından danışan insanlar öz siyasi hakimiyyətlərini qorumaq və ya siyasi hakimiyyətə gəlmək üçün ən iyrənc vasitələrdən istifadə edirlər. Makron da onlardan fərqli deyil. O da hakimiyyətə bu yolla gəlib və bu gün də həmin maliyyə oliqarxiyasının maraqlarını qorumaq üçün insanların, vətəndaşların sosial etirazlarına qarşı bu qədər sərt tədbirlər həyata keçirir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə