Politoloq: “Paşinyan hakimiyyətə saxtakarlıqla gəldi” AÇIQLAMA-ÖZƏL

“Həm xarici, həm də erməni ekspertlərinin rəyinə görə, dekabrın 9-da baş tutan seçkilər çox biyabırçı şəkildə həyata keçirildi. Əhalinin yarısından çoxu heç seçki məntəqəsinə gəlməyərək Paşinyana olan münasibətini göstərmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Paşinyanın seçkidə “qələbə” qazanması, demokratik dəyərlərə, hər zaman bəyan etdiyi insan haqları qorunması məsələsinə böyük zərbə endirmiş oldu.

Seçki prosesində saxtakarlıqların, pozuntu halların baş verdiyini deyən F.Sadıqovun fikrincə, seçicilərə təzyiqlərin göstərilməsi bir daha göstərdi ki, Paşinyanın seçkiləri öz maraqları çərçivəsində keçirərək, öz istəyinə nail olmuş oldu: “Paşinyan qurduğu planlar əsasında parlamentdə çoxluq təşkil edən bloka rəhbərlik edən şəxs kimi baş nazir seçiləcək. Lakin onu nəinki xalq, eləcə də digər siyasi qüvvələr belə dəstəkləmir”.

Politoloq qeyd edib ki, ümumilikdə seçki prosesini götürdükdə Paşinyanın saxtakarlıqla hakimiyyətə gəldiyini söyləmək mümkündür: “Bu ritorik ifadə deyil, faktlara əsaslanan bir mövqedir. Çünki, hər kəsə məlumdur ki, seçkidə çoxları səs verməyib, səs verənlərin əksəriyyəti isə təzyiq altında bu prosesdə iştirak ediblər. Belə hallar regionlarda, vilayətlərdə daha çox qeydə alınıb. Mən düşünürəm ki, belə bir şəraitdə demokratiyadan, seçki şəffaflığından danışmaq, bəyanatlar vermək reallıqdan uzaq məsələdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə