“Ermənistan öz vətəndaşlarına qarşı ikiüzlü siyasət yeridir" ÖZƏL-RƏY

“Ümumiyyətlə, Ermənistan illərdən bəri bölgədə və dünyada qeyri-bərabər, ədalətsiz və özünə sərf edən bir siyasətin daşıyıcısı, aparıcısı kimi çıxış edir. 30 ilə yaxın özünü və Azərbaycanı sürüklədiyi müharibədə ilk növbədə deyərdim ki, öz xalqını düşünmədən addımlar atır. Təbii ki, müharibənin iki tərəfi var. Əgər bu müharibə onların ucbatından Azərbaycana böyük ziyanlar vurubsa, eyni zamanda əlbəttə ki, öz ölkəsindən də zərərsiz ötüşməyib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputatın sözlərinə görə, müharibənin nəticələri Azərbaycandan daha çox Ermənistanı mənfi təsiri altında saxlayıb: “Bu gün Ermənistanda vətəndaşların böyük əksəriyyəti bu ölkəni tərk edib. İşğalçı ölkədə heç bir inkişaf getmir. Onlar hələ də 70-80-ci illərin Ermənistanı olaraq qalır. Bu həm də insanların mənəvi, siyasi baxımdan yeni bir divident əldə edə bilməməsini ehtiva edir. Ermənistanda keçirilən son seçkilər də onu göstərdi ki, bu ölkədə insan, insan amili ən son yerdədir. Amma bu gün Azərbaycanda insan amili, insan kapitalı ən əhəmiyyətli yerdə gəlir. Biz hansı addımı atırıqsa, vətəndaşlarımızın daha yaxşı yaşaması, xoşbəxt olması, demokratik bir ab-havada yaşaması üçün həyata keçiririk. Ermənistanda isə baş verənlər onu göstərir ki, bu ölkədə tam əksinə bir siyasət həyata keçirilir. Son seçkilər də bir daha onu sübut etdi ki, Ermənistan ilk növbədə öz vətəndaşlarına qarşı ikiüzlü siyasət yeridir və qeyri-demokratik addımlar atır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə