Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilib

YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər.

Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 15 il ötdüyünü xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən xarizmatik Lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə məruzə edib. Məruzədə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevi zirvələrə qaldıran, Ümummilli Lider məqamına yüksəldən ən başlıca keyfiyyəti Onun xalqını və Vətənini canından artıq sevməsi idi; "Azərbaycanlı olmağı ilə həmişə fəxr edən Ulu Öndər bütün mənalı ömrünü xalqının rifahının yüksəldilməsinə və ölkəsinin beynəlxalq nüfuzunun artmasına həsr etmişdir: "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram"-deyən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında, qısa müddətdə, ictimai-siyasi sabitlik təmin olunmaqla yanaşı, respublikamızda quruculuq işlərinin başlıca istiqamətləri müəyyənləşdirildi."

Tədbirdə "Aran" qəzetinin redaktoru Şirxan Hüseynov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva, Ağcabədi Pedaqoji Kollecinin müəllimi Bəxtiyar Əliyev, "N" saylı hərbi hissənin əsgəri Mirhadi Səmədzadə çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən "Həvəskar aktyorluq və bədii qiraət" kursunun üzvlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film-slayd təqdim olunub.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə