Paşinyan hakimiyyət çevrilişini legitimləşdirdi

Ermənistanda 9 siyasi partiya və 2 blokun iştirakı ilə keçirilən seçkilərin növbədənkənar keçirildiyi və bunun yalnız Nikol Paşinyanın hakimiyyəti mənimsəmək üçün bir oyunu olduğu bəllidir. Bu seçki hakimiyyət uğrunda cari ilin aprel ayından başlayan mübarizənin nəticəsi, daha dəqiq desək, "məxməri inqilab"ın seçkilər vasitəsilə legitimləşdirilməsidir.

Heç şübhə yoxdur ki, seçkidə iştirak edən digər siyasi qüvvələr şanslarının zəif olduğunu özləri də əvvəlcədən dərk edirdilər. Bunu dərk etdikləri halda onların iştirak etməkdə məqsədləri parlamentdə heç olmasa müəyyən qədər səs toplayıb, Paşinyanın mütləq üstünlük əldə etməsinə imkan verməməkdən başqa bir şey ola bilməzdi. Lakin, dərisi boğazından çıxan Respublikaçılar Partiyasının başına gətirilənlər, təhdidlər, hədə-qorxular digərlərini də bu fikirdən daşındırası oldu və Sarkisyanın rəhbərlik etdiyi partiyadan başqa bütün qüvvələr Paşinyanın tərəfinə keçməli oldular.

Paşinyanın bütün oyunları yalnız hakimiyyəti ələ keçirmək üçündür və bütün vədləri də, əməlləri də hakimiyyət hərisliyindədndir

Demokratiyadan dəm vuran küçə nümayişçisi əslində seçkilərə xeyli vaxt qalmışdan etibarən demokratiyaya zidd addımları ilə özündən əvvəlkilərdən belə kəskin şəkildə fərqlənirdi. Seçicilərdən, ələlxüsus Respublikaçılar Partiyasının tərəfdarlarından tutmuş, seçki məntəqələrinə qədər edilən təzyiq və təhdidlərə demokratiya adı qoymaq olmaz. Paşinyan seçki sözünü dilinə gətirdiyi andan demokratik seçkini də, umumiyyətlə demokratiyanın özünü də hakimiyyət naminə siyasət yürütməklə ayaqlar altına atdı.
Daim boş, əsassız vədlər verməkdən başqa heç bir iş görməyən küçə nümayişçisi hələ də belə mənasız vədlər verməkdə davam edir. Paşinyan daxili və xarici siyasətdə Qərb və Rusiya arasında tarazlığı qoruyacağını da vəd edirdi və amma heç kim bunun şahidi olmadı. Qərb yönümlü olduğu halda bunu təkzib edən bu avantürist, Rusiya qarşısında tamam başqa şəkildə çıxış etməklə yanaşı, daxili auditoriya qarşısında yalnız Ermənistanın maraqlarının qorunmasına çalışdığını bildirməsi kütləni aldatmağa hesablanan siyasətdir.
Parlamentdə əvvəlki qədər biznesmenlərin sayının çox olmayacağı kimi vədlər verən Paşinyan bununla da xalqı deyil, özünü qorumğa çalışır. Daha doğrusu, bununla əlində iri maliyyə kapitalı cəmləşdirmiş "Qarabağ klanı"nı siyasi proseslərdən uzaqlaşdırmaq niyyəti güdür. Daha aydın şəkildə ifadə etsək, iri maliyyə kapitalına sahib olanların siyasətə müdaxiləsinin qarşısını almaq və bununla da idarəetmədə onların rolunu sıfıra endirməklə, öz əlində cəmləşdirmək məqsədi Paşinyana məxsus strategiyadır. Bir sözlə, Paşinyanın bütün oyunları yalnız hakimiyyəti ələ keçirmək üçündür və bütün vədləri də, əməlləri də hakimiyyət hərisliyindədndir.

Haqsızlıqların, qanunsuzluqların və hətta təzyiqlərin fonunda Paşinyan hələ də özünü demokratiya carçısı kimi sırımağa çalışır

Paşinyanın hakimiyyət hərisliyi sonda öz təsdiqin tapdı və BBC-nin məlumatına görə, ona məxsus blok 70 faizədək səs toplamaqla hakimiyyəti ələ keçirdi. Əslində, mövcud qanunvericiliyə əsasən, parlamentdə minimum üç partiya təmsil olunmalıdır və heç bir partiya parlamentdə yerlərin 2/3-ni, yaxud 66 faizindən çoxunu əldə edə bilməz. Bir sözlə, səslərin heç olmasa 33 faizi, yəni 1/3-i müxalifət partiyasına verilməli olduğu halda biz bunun şahidi deyilik. Belə olan halda bu küçə nümayişçisi hansı demokratiyadan, hansı qanunvericilikdən dəm vurur? Ermənilər hələ də bu avantüristin manipulyasiyalarını görmürlərmi?
Bu seçkilərdə ikinci yeri rusiyayönümlü Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasının tutması isə Paşinyanın əsl simasını ifşa etmiş oldu. Bu onun Rusiyaya düşmən münasibəti bəsləmədiyini, KTMT və AİB-dən çıxmaq fikrinin olmadığını təsdiq edir. Təsdiq edir ki, çox da müstəqil olmaq iddialarını və vədlərini bəyan etməsinə baxmayaraq bu küçə nümayişçisi heç də ruslarından ətəyini buraxmaq niyyətində deyil.
Məsələ burasındadır ki, Respublikaçılar ilə "İşıqlı Ermənistan" partiyaları arasında üçüncü yer uğrunda mübarizədə də bu yer "İşıqlı Ermənistan"a verildi. Bir sözlə, Sarkisyanın respublikaçıları parlamentdən kənarda qaldılar. Bu fakt özü də Paşinyanın necə dırnaqarası demokrat olduğunu göstərmək üçün yetərlidir. Seçki öncəsi Respublikaçıların necə qorxudulduğu, təhdid edildiyi, seçkilərlə bağlı qanunsuzluqlar əslində bununla öz təsdiqini tapdı. Bəlli oldu ki, Respublikaçılar Paşinyanın hakimiyyəti qamarlamaq siyasətinin qurbanına çevrildilər.
Çox maraqlıdır, bu qədər haqsızlığın və qanunsuzluğun, hətta təzyiqlər hesabına rəqiblərinin kənarlaşdırılması fonunda Paşinyan hələ də bütün dünyaya özünü demokratiya carçısı, Ermənistana demokratiya gətirən lider kimi sırımağa çalışır. Amma buna kiminsə inanacağına onun özünün də ümidi ola bilməz. Bütün dünya ictimaiyyəti bu küçə nümayişçisinin hansı oyunlardan istifadə etiyinin sona qədər şahidi oldu. İndi heç kim üçün sirr deyil ki, sadəcə Paşinyan hakimiyyət çevrilişini seçki vasitəsilə legitimləşdirdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə