“Müxalifət seçkilərin legitimliyini qəbul etməyəcək” AÇIQLAMA

“Əvvəlcədən, Ermənistanda seçkilərin saxtakarlıqla keçiriləcəyi istisna edilmirdi”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, çünki seçki ərəfəsində Paşinyan iqtidarının atdığı addımlar, verdiyi açıqlamalar göstərirdi ki, Paşinyan seçkilərdəki qələbəsini təmin etmək üçün inzibati resurslardan istifadə etmək niyyətindədir: “Bundan əlavə referendum vasitəsi ilə öz hakimiyyətinin uzun müddətli olması üçün də müəyyən addımlar atacağı istisna olunmur. Bundan sonra düşünürəm ki, əsas məsələ Paşinyanın hakimiyyətlə müxalifət arasında münasibətlərin hansı müstəvi üzərində inkişaf etdirəcəyi ilə bağlı amillərdir. Heç şübhəsiz ki, müxalifət seçkilərin legitimliyini qəbul etməyəcək. Ən əsası söhbət ondan gedəcək ki, bu seçkilərin legitimliyi və demokratikliyi Qərb dövlətləri tərəfindən tanınacaqmı? Burada Rusiyanın və Qərbin mövqeyi mühüm əhəmiyyət kəsb edəcək. Çünki Paşinyanın mövqeyini nəzərə alınarsa, hazırda Paşinyan Ermənistanı tədricən Rusiyanın təsir dairəsindən çıxarmaq üçün müəyyən addımlar atacaq. Saxtakarlıqlarla bağlı məsələyə Ermənistanın Konstitusiya Məhkəməsi münasibət bildirməlidirlər. Amma düşünürəm ki, seçkilərin məhz bu fonda baş tutmasını və Paşinyan hakimiyyətinin qələbəsini ölkənin məhkəmə hakimiyyəti də təsdiq etməli olacaq. Əgər region dövlətləri, Qərb seçkilərin legitimliyi ilə bağlı məsələyə şübhə ilə yanaşsa bu müxalifətə əlavə divident, resurs verəcək və düşünürəm ki, müxalifət parlament mübarizəsini davam etdirəcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə