Fransa prezidenti istefaya gedəcəkmi? ŞƏRH-ÖZƏL

“Fransada baş verənlərə iki istiqamətdə yanaşmaq lazımdır. İlk növbədə Fransa əhalisi sosial baxımından o qədər müdafiəsiz və təhlükəsizdir ki, adi benzinin qiymətinin müəyyən qədər artmasına belə dözə bilmir. Əhalinin niyə dözə bilməməsini düşünəndə bu, artıq strateji düşüncə tələb edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, son 20 ildə demək olar ki, Fransaya güclü şəxsiyyət rəhbərlik etməyib: “Son illərdə Fransaya rəhbərlik edən bu və ya digər şəxslərin hamısının ya şəxsi həyatında ya da digər problemləri olub. Elə son 20 ildə hakimiyyətə gələnlərin özləri də əhalini xırda, günlük maraqlarını hər şeydən üstün tutmaq istiqamətində siyasi tərbiyə ediblər. Elə məhz buna görə də artıq əhali Fransanın tarixini, dünyada oynadığı strateji rolunu nəzərə almır. Bu cür seçici yetişməsində maraqlı olan Emmanuel Makron hazırda bunun nəticəsi və əziyyətini ən çox çəkənlərdəndir”.

Makronun Fransanın siyasətinə, tarixinə, mədəniyyətinə münasibətinin qeyri-ciddi olduğunu xüsusi vurğulayan M.Əhmədoğlu vurğulayıb ki, Ermənistana səfəri zamanı gey paradda iştirakı, Makronun Fransa maraqların uyğun dövlət başçısı olmadığını bir daha göstərmiş oldu: “Makron Ermənistana gəlməmişdən öncə Fransada iki kişi ilə yayılan videosundan nəticə çıxarmalı idi. Lakin o Ermənistana gələrək, gey paradda iştirak etməklə özünə qarşı münasibəti daha da şiddətləndirmiş oldu”.

Politoloq hesab edir ki, hazırda Fransada “sarı jilet”lilər Makron istefaya getmədiyi təqdirdə öz etirazlarından əl çəkməyəcəklər: “Bəlkə Makronun istefası onları müəyyən qədər sakitləşdirə bilər. Makronun vəzifədən getməsi proqnozlaşdırılır. Əgər getməsə, o zaman ümumilikdə Fransa dövlətçiliyi əziyyət çəkəcək”.

M.Əhmədoğlu söyləyib ki, hazırda Fransada baş verənlər həm bu ölkə, həm də Avropanın zəifləməsinə səbəb olacaq: “ Bildiyiniz kimi hazırda vəziyyət təkcə Fransada pis deyil, Böyük Britaniya, Almaniyada da vəziyyət yaxşı deyil. Bu baxımdan hesab edirəm ki, baş verənlər təkcə bu ölkələrin özləri üçün deyil, ümumilikdə Avropa üçün mənfi nəticələrə gətirib çıxaracaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə