"Paşinyanın küncdə-bucaqda yer alması Putinin ona münasibətinin ifadəsidir" ÖZƏL-ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlmişdir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, bu görüş çərçivəsində MDB daxilində il ərzində görülmüş işlər, qarşıda dayanan vəzifələr ətrafında geniş fikir mübadiləsi oldu: “Eyni zamanda o da bəlli oldu ki, Azərbaycan dövlətinə və cənab Prezident İlham Əliyevə təşkilat çərçivəsində, onun rəhbərləri səviyyəsində çox böyük inam, etibar mövcuddur. Həmçinin Azərbaycan Prezidentinə çox xoş münasibət ifadə olunur. Eləcə də dövlət başçımızın şəxsiyyətinə, onun idarəetmə məharətinə çox böyük diqqət göstərilib. Bu özünü nədə ifadə edir? İlk növbədə onda ifadə etdi ki, Rusiya Prezidenti Vladimir Putin Pyotr Çaykovskinin “Şelkunçik” baletinin tamaşasına gələn qonaq prezidentləri dəvət etdi. Bu zaman həmin o tamaşaya baxarkən zalda prezident Putin öz yanında və daha şərəfli hesab edilən sağ tərəfində Azərbaycan Prezidenti cənab İlham Əliyevin əyləşməsini xahiş etdi. Eyni zamanda ondan sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Putinin solunda Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə həmin sırada lap küncdə bir yerdə əyləşmişdi. Hətta o mühafizəçilərlə yanaşı oturmuşdu. Burada incə bir məqam var. Rəsmi görüşlərdə belə dövlət başçılarının hansı ardıcıllıqla əyləşməsi əlifba sırası ilə müəyyən edilir. Lakin bu qeyri-rəsmi görüşlərdə və xüsusilə bu cür tamaşa zamanı isə bu sırf ev sahibinin istəyi ilə həmin dövlət başçılarının əyləşmə qaydası müəyyən edilir. Rusiya Prezidentinin Azərbaycan Prezidentinə olan çox böyük hörmət və ehtiramının ifadəsi olaraq cənab İlham Əliyevin onun yanında oturmasını xahiş etmişdi. Amma Paşinyanın küncdə-bucaqda yer alması Putinin ona olan münasibətinin ifadəsidir və eyni zamanda Rusiya-Ermənistan münasibətlərinin hansı bərbad vəziyyətdə olmasının bir inikasıdır. Bununla belə Azərbaycan-Rusiya münasibətlərinin yüksək strateji tərəfdaşlıq səviyyəsində olmasının növbəti dəfə bariz nümunəsidir.

Bu səfər çərçivəsində heç şübhəsiz ki, diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Azərbaycan Prezidenti ilə Paşinyan arasında danışıqlar oldu. Bu danışıqlarda dövlətimizin başçısı bir daha danışıqlar prosesinə sadiq qaldığını bildirdi və eyni zamanda qeyd etdi ki, bu o anlamda olmamalıdır ki, biz elə danışıqlara danışıqlar naminə gedək. Danışıqlar substantiv və məzmun, mahiyəti üzrə olmalıdır. Eyni zamanda atəşkəs rejimi və onun möhkəmləndirilməsi ilə də bağlı fikir mübadiləsi oldu. Cənab Prezident bir daha vurğuladı ki, bu heç də status-kvo vəziyyətinin qorunub saxlanması anlamında olmamalıdır. Status-kvo qəbul edilməzdir. Bu Azərbaycanın prinsipial mövqeyidir. Ölkə başçısı həmçinin bu görüş zamanı girovların qarşılıqlı qaytarılması ilə bağlı “hamının-hamıya” prinsipindən də bəhs etdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə