Makronun səhvləri ona baha başa gəlir

Yaxud, Fransa iqtidarı xalqa qarşı 89 minlik xüsusi təyinatlı və amansız polis gücü tətbiq edir

Fransada “sarı jiletlilər” aksiyasının baş qaldırması və bu etirazlar dalğasının kütləviləşərək qiyama çevrilməsi bir daha sübut edir ki, əslində, Avropa demokratiyası deyilən tendensiya heç də humanizm və digər bənzər dəyərlər əsasında qurulmayıb. Əksinə, Fransa olayları Avropanın pərdəarxası siyasətini, daha dəqiq desək, “demokratiyanın” görünməyən tərəflərini açığa çıxarmış olur. Bu bir reallıqdır ki, “sarı jiletlilər” hərəkatı Belçikaya, hətta digər Avropa ölkələrinə də sıçramaq üzrədir. Əbəs deyil ki, gün ərzində Fransadan yayılan xəbərlərdə yüz minlərlə insanın küçələrə axışdığı, polis güclərinin qəddarlığı barədə informasiyalar yayılmaqdadır. Bu hadisələr fonunda 130-a yaxın şəxs yaralanıb, xalqa qarşı 89 minlik xüsusi təyinatlı polis gücləri çıxarılıb.

Kütləvi etirazlardan qiyama doğru - son 50 ildə ən böyük kütləvilik

Avropalıların narazı xalq kütlələri hakimiyyətlərinin yanlış iqtisadi siyasətləri səbəbindən sosial həyatlarının pisləşməsini dərk etməyə başlayıblar. Hətta belə bir amil də formalaşıb ki, Fransadakı mövcud hakimiyyət maliyyə oliqarxiyası qarşısında götürdüyü öhdəliklərə əməl etmək naminə polis və dəyənək, rezin güllələr və qaz bombaları ilə xalqın üzərinə gedir. Həmçinin, daha bir maraqlı məqam budur ki, bu etirazlar son 50 ildə ən böyük kütləviliyi ilə seçilir ki, xalq ötən illər ərzində yığdığı hiddətini hazırkı dövrdə hakimiyyətə nümayiş etdirir.

Daha bir nüans, bu etirazlarda xalqın nə iqtidara, nə də müxalifətə etibar etməməsidir. Yəni bu, bilavasitə işçilərin, sadə vətəndaşların, siyasi baxışları olmayanların qiyamıdır. Bu baxımdan, deyə bilərik ki, Qərbdə, xüsusən də Fransada siyasi institutların hər biri korrupsiyalaşıb, xalqın qarşısındakı etibarını sıfır həddinə çatdırıb. Düzdür, xalqın işinə müəyyən anarxik qüvvələr, anonim qruplar da sirayət olunublar, ancaq bu, bütövlükdə xalq etirazı olaraq qiymətləndirilməkdədir.

Makronun Ermənistanın cinsi azlıqları ilə gizli məkana çəkilməsi Azərbaycan tərəfini nəyə vadar edib?

Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransadakı mövcud Emmanuel Makron hakimiyyətini uzaqgörənliklə və siyasi peşəkarlıqla analiz edib, nəticədə fransız prezidentin Bakıya səfəri ilə bağlı əvvəlcədən razılaşdırılmamış addımlar atılmamışdır. Misal üçün, Makronun Ermənistana səfəri zamanı onun cinsi azlıq və gey parad nümayəndələri ilə birgə etdirdiyi davranışları, xüsusilə məkana çəkilmələri ilə bağlı informasiyalar mediaya sızdıqdan sonra Azərbaycan tərəfi qeyri-ciddi tərəfdaşla əlaqələrin davamında maraqlı olmadığını nümayiş etdirib.

Yeri gəlmişkən, Fransada I dünya müharibəsinin 100-cü ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə də Azərbaycan tərəfi Prezident və baş nazir səviyyəsində deyil, xarici işlər nazirliyi səviyyəsində təmsil olunmaqla kifayətləndi.

Azərbaycan tərəfi Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlikdən uzaqlaşdırılacağı barədə tələblər irəli sürərək, xəbərdarlıqlar edib

Habelə, o da sirr deyil ki, Fransanın Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində hətta ATƏT-in Minsk qrupunun üzvü olmasına rəğmən, birtərəfli mövqe sərgiləməsi, daha dəqiq desək, işğalçı Ermənistanın tərəfindən çıxış etməsi, o cümlədən, Qarabağın separatçı və hərbi xuntası ilə ayrı-ayrı şəhərlərdə sıxlaşan əlaqələri Azərbaycan dövlətinin diqqətindən kənarda qalmır. Əbəs deyil ki, Azərbaycan tərəfi Fransanın ATƏT-in Minsk qrupuna həmsədrlikdən uzaqlaşdırılacağı barədə tələblər irəli sürərək, xəbərdarlıqlar edib.

Əldə etdiyimiz digər məlumata görə isə, Prezident İlham Əliyevin Parisə son səfəri zamanı imzalanmış müqavilələrin icrası Azərbaycan tərəfindən dayandırılıb. Bunu belə əsaslandırmaq olar ki, Fransanın demokratik normalara, beynəlxalq hüquqa və iki ölkənin maraqlarına zidd addımları Azərbaycan tərəfini bu cür sərt addımlar atmağa vadar edib.

Halbuki, Azərbaycan müstəqillik əldə etdiyi vaxtlardan başlayaraq, Fransa ilə əlaqələrə xüsusi önəm verib, erməni lobbisinin güclü olduğu ölkə ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa nail olmuşdu. Bu baxımdan, obyektivlik naminə deyilə bilər ki, əvvəlki hakimiyyətlərin, o cümlədən Fransua Ollandın hakimiyyəti zamanı Fransa da Ermənistan və Azərbaycan əlaqələrində balanslı siyasəti qorumağa çalışıb, adətən Cənubi Qafqaz səfərlərinin trayektoriyasını müəyyən edərkən də bu kimi müvafiq addımlarını atıb. Belə olan halda, Makron iqtidarının bəlli addımları bilavasitə Azərbaycanın maraqlarına cavab verməməklə yanaşı, artıq görünən budur ki, o daxili siyasətində, o cümlədən, iqtisadi siyasətində də ciddi və çox kobud səhvlərə yol verir. Nəticədə Fransa xalqı öz haqlı etiraz səslərini ucaldır.

Rəcəb Tayyib Ərdoğan: “15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar”

Yeri gəlmişkən, Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu və söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərdiyinə görə, artıq digər ölkələrin də dövlət başçıları öz münasibətlərini açıqlayır, bu hadisələrdə günahkar olan Makron hakimiyyətini sərt şəkildə qınayırlar. Misal üçün, qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bir çox Avropa şəhərlərində gərgin vəziyyət yaranıb.

"Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir", - deyə o bildirib.

Ərdoğan qeyd edib ki, Ankara həm nümayişçilərin yaratdığı xaosa, həm də etirazçılara qarşı həddindən artıq güc tətbiqinə qarşıdır.

Donald Tramp: “Daha aşağı vergilər şəklində pulları insanlara geri qaytarmağın vaxtı çatıb”

ABŞ prezidenti Donald Tramp da Fransa olayları ilə bağlı fikirlərini açıqlayıb. O, Fransa hökumətinə "mənasız və son dərəcə qiymətli" Paris iqlim sazişinə son qoymağı və ölkədə vergiləri aşağı salmağı təklif edib. O, bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Parisdə olduqca kədərli gün və gecədir. Bəlkə mənasız və son dərəcə qiymətli olan Paris sazişinə son qoymağın və daha aşağı vergilər şəklində pulları insanlara geri qaytarmağın vaxtı çatıb?".

Beləliklə, fakt budur ki, Fransa olaylarının davamlı xarakter almasına səbəblərdən biri və birincisi ilk növbədə qiymətlərin artımı olsa da, digər səbəb hakimiyyətin

vergi ödəyən xalqın cibinə girməsidir. Məhz Tramp da öz şərhində buna eyham vuraraq, Makron hakimiyyətinin buraxdığı səhvləri necə deyərlər, onların üzünə vurub. Baş verənlər isə əlbəttə ki, ürək açan hadisələr olmasa belə, xalqın bəlli səbəblərdən ayağa qalxması birbaşa Fransa iqtidarının yanlış siyasət yürütməsinin məntiqi nəticələridir. Hər halda, bütün təhlillər və proqnozlar da bu cür qənaətə gəlməyə səbəb olur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə