Vitse-spiker: "Vərəsələrə ödənişlər qanunauyğun şəkildə aparılır" - MÖVQE

Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinin Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilmiş 11 min manat məbləğində birdəfəlik ödəmənin onlara ödənilməməsi iddiası ilə parlament qarşısına toplaşaraq narazılıqlarını bildirməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, B.Muradova əlavə edib ki, bu proses qanunauyğun şəkildə aparılır: "Cənab prezidentin bu məsələ ilə bağlı müvafiq fərmanı var. Bu qanun Milli Məclis tərəfindən qəbul olunub və qanunda bütün aspektlər göstərilib. İcra orqanları bu qanuna əsaslanaraq fərmandan irəli gələn vəzifləri yerinə yetirməkdədilər. Tək-tək hallara gəldikdə isə, biz buna dəfələrlə münasibət bildirmişik. Parlamentin hansısa qanuna dəyişiklik etməsinə ehtiyac yoxdur".

B.Muradova əlavə edib ki, bu baxımdan ayrı-ayrı şəxslərin məsələləri fərdi şəkildə araşdırılmalıdır. Lazım gəldikdə müvafiq icra və məhkəmə orqanları vasitəsi ilə ədalət bərpa olunmalıdır: "Mən birmənalı olaraq bu şəxslərin haqqlı və ya haqsız olduğunu söyləyə bilmərəm. Bunu bu işə cavabdeh olan icra və məhkəmə orqanları müəyyənləşdirməlidirlər".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə