“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” KİTAB-TƏQDİMAT

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı kitabı işıq üzü görüb. SİA-nın verdiyi məlumata görə, kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovdur.

Ölkəmizin Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsasları qoyulan balanslaşdırılmış enerji siyasəti kursunun həm də enerji təhlükəsizliyi baxımından təhlili məsələləri, cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi prioritetləri, Xəzər ətrafında uzun illər davam edən danışıqlar prosesi, Xəzəryanı dövlətlərin münasibətləri, əldə edilən nəticələrin təhlili tədqiqatın başlıca məqsəd və vəzifələri sırasındadır.

Təqdimat Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin anımı ilə açıq elan edildi. Təbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov müəllif Rufiz Qonaqovu “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” adlı kitabı münasibətilə təbrik edərək tədbir iştirakçılarını salamlayıb. Başlıca prioritetləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan və bu gün cənab Prezident İlham Əliyevin praqmatik siyasi iradəsi ilə balanslaşdırılmış Azərbaycanın enerji siyasətinin uğurlarını qeyd edərək “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” kitabının Xəzərin hüquqi statusunun müəyyən olunduğu bir vaxtda ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Daha sonra millət vəkili, professor Elman Nəsirov sözügedən elmi-tədqiqat əsəri haqqında çıxış edərək Rufiz Qonaqovun elmi-ictimai mühitdə aktual olan tədqiqat əsərinin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov bu gün enerji təhlükəsizliyinin enerji resurslarının kəmiyyəti qədər vacib əhəmiyyət daşıdığını bildirib. Həmçinin qeyd edib ki, müəllif kitabda dünya enerji təhlükəsizliyi məsələləri ilə bağlı ayrı-ayrı dövlətlərin enerji siyasətini təhlil edib, problemin nəzəri və təcrübi aspektlərinə xüsusi yer ayırıb, dünyada baş verən konfiliktlər kontekstində Xəzərin statusu ilə əlaqədar Xəzəryanı dövlətlər arasında əldə edilmiş konsensusun beynəlxalq hüquqi və politoloji əhəmiyyətini uğurla tədqiq etməklə yanaşı, hövzə dövlətləri arasında Azərbaycanın potensial imkanlarını və onun üstün cəhətlərini sistemli şəkildə müqayisə edib.

Daha sonra digər çıxış edənlər kitab haqqında təəssüratlarını bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə