"Azərbaycanda siyasi fəaliyyətinə görə heç kim təqib olunmur"

Milli Məclisin vitse -spikeri Bahar Muradova bəzi hüquq müdafiəçilərinin Azərbaycanda 150-ə yaxın siyasi məhbusun olması iddialarına münasibət bildirib. SİA-nın xəbərinə görə, vitse-spiker Azərbaycanda siyasi fəaliyyətinə görə heç kimin təqib olunmadığını qeyd edib.

"Bilirsiniz, hüquq müdafiəçiləri bununla bağlı ziddiyyətli rəqəmlər səsləndirirlər. Mən bu yaxınlarda başqa bir hüquq müdafiəçisi ilə söhbət etmişəm. O digər bir rəqəm söyləyir. Mən özünü hüquq müdafiəçisi adlandıran ayrı- ayrı fərdlərin irəli sürdüyü rəqəmlərə izah vermək niyyətində deyiləm. Birmənalı olaraq deyə bilərəm ki, Azərbaycanda siyasi fəaliyyətinə görə təqib olunan şəxs yoxdur. Siyasi məhbus adlandırılan şəxslər bu və ya digər partiyaya mənsubluğunu qabardaraq bu adların onların üzərinə qoyulmasına çalışırlar. Onların Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin bu və ya digər müddasının pozması faktları var. Ona görə də birmənalı şəkildə Azərbaycanda şəxslərin siyasi baxışlarına görə təqib olunmaması qənaətindəyəm",- deyə B.Muradova qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə