Məntəqələrdə və kənarda nələrin baş verdiyindən xəbərdaram ATƏT DTİHB müşahidəçisi

Ermənistanda növbədənkənar parlament seçkilərini izləyən ATƏT DTİHB müşahidə missiyasının rəhbəri Ursula Qatsek səhər saatlarından müşahidə missiyasını həyata keçirməyə başlayıb və Nelson Stepanyan adına məktəbdə fəaliyyət göstərən 9/40 saylı seçki məntəqəsində jurnalistlərin suallarını cavablayıb. SİA aysor.am saytına istinadən xəbər verir ki, o ATƏT PA-nın və AŞPA-nın qısamüddətli və çoxmüddətli müşahidəçilər qrupuna qoşularaq seçkiləri müşahidə edir. ATƏT DTİHB seçki missiyasının rəhbərinin sözlərinə görə, 70 müşahidəçidən ibarət böyük qrup gün ərzində Ermənistanın bütün seçki məntəqələrində olmalıdır. Ursula Qatsek elektron qələmini göstərərək məlumat verib ki, müşahidəçi missiyası bu qələm vasitəsi ilə bütün nöqsanları və qeydə alınan digər məsələləri planşetə toxundurur və həmin andaca bütün müşahidəçilər bundan xəbər tutur.

“Bu cür yeni texnologiya vasitəsi ilə mən səhər saatlarından başlayaraq, bütün müşahidəçilərin qeydlərini izləmişəm və məntəqələrdə, eləcə də ondan kənarda nələrin baş verdiyindən xəbərdaram”, deyə Qatsek bildirib.

Jurnalistlərin “məxməri inqilabdan” sonra növbədənkənar parlament seçkilərinin necə keçməsi barədə suallarını cavablandıran ATƏT DTİHB missiyasının rəhbəri qeyd edib ki, Avropa Şurasına üzv ölkələrin hər birində ədalətli seçkilərin keçirilməsi vacibdir: “Biz 12-ci dəfədir ki, buraya gəlirik və Ermənistana yad sayılmırıq. Əlbəttə, bu seçki atmosferi xüsusidir, lakin biz tam olaraq müstəqil olmalıyıq. Biz, hər hansı qeyri-obyektivliyə yol verməməliyik. Çünki ona görə buradayıq ki, keçirilən seçkilər beynəlxalq standartlara cavab versin”.

Erməni jurnalistinin bu seçkilərdə daha öncəki seçkilər arasında hər hansı bir fərqi hiss edib-etmədikləri barədə sualını cavablandıran Ursula Qatsek bildirib ki, ATƏT DTİHB heç bir fərq qoymayaraq, seçkiəri eyniləşdirməyi sevmirlər. “Əgər bunu bilmək istəyirsinizsə, ATƏT-in öncəki seçkilərlə bağlı bizim tərəfimizdən dərc edilmiş məruzələrinə baxıb, fərqləndirə bilərsiniz”, ATƏT DTİHB müşahidə missiyasının rəhbəri deyib.

Onun sözlərinə görə, hər seçkinin özünün məxsusi tərəfləri var. O, xatırladıb ki, aralıq məruzəsi artıq dərc edilib və onlar tərəfindən əsas aksentlər edilib.

Ursula Qatsek jurnalistlərlə söhbətindən sonra məntəqə sədrinə yaxınlaşaraq, bir neçə qeydləe edib və çox qısa müddətdə səsverməni izlədikdən sonra oranı tərk edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə