MDB Dövlət başçılarının qeyri-rəsmi görüşü nə ilə yadda qaldı? AÇIQLAMA-ÖZƏL

“MDB dövlət başçılarının qeyri-rəsmi görüşü bir neçə xüsusiyyətinə görə diqqət cəlb edir. İlin sonunda keçirilən liderlərin budəfəki toplantısı 2018-ci ilin yekun görüşü olmaqla yanaşı, MDB məkanında son günlərdə baş verən bir sıra çox mühüm hadisələrlə eyni dövrə təsadüf edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, Gürcüstanda başa çatan prezident seçkiləri, Ermənistanda qarşıdan gələn baş nazir və parlament seçkilərindən əlavə, Ukrayna və Rusiya arasında qarşıdurmanın ən yüksək həddə çatdığı indiki məqamda bu, Birlik ölkələrinin həmrəyliyini, onların Rusiya ətrafında toplaşdığını göstərən hadisə idi: “Bu formatda qeyri-rəsmi görüş ənənəvi olaraq hər il keçirilir. Bu dəfə isə onun məhz Putinin doğma şəhəri Sankt-Peterburqda keçirilməsi tədbirə daha fərqli bir ab-hava gətirdi. Bundan bir neçə gün əvvəl isə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının toplantısının məhz bu şəhərdə keçirilməsi diqqətəlayiq faktdır”.

N.Məmmədova söyləyib ki, Avrasiya İqtisadi Birliyi toplantısı da bu dövrdə keçirilən növbəti mühüm görüş oldu: “Əvvəlki görüşlərdən fərqli olaraq Rusiya prezidenti ilə Belarus dövlət başçısı arasında fikir ayrılıqlarının göz önündə aparılması MDB ölkələrinin Rusiyaya etiraz etmək, müzakirələrin və münasibətlərin demokratiya və fikir azadlığı üzərində qurulduğu təəssüratı yaradırdı. Bu, Rusiyanın hazırda dünyada olan MDB ölkələrini sıxışdırması, onlara təzyiq göstərməsi fikirlərini alt-üst etməkdə müəyyən rol oynadı desək, yanılmarıq”.

Azərbaycan prezidentinin toplantıda iştirakına toxunan N.Məmmədova qeyd edib ki, 2018-ci il artıq sona çatmaq üzrə olmasına baxmayaraq, növbəti ildə bir çox mühüm məsələlərə zəmin ola biləcək, təkan verən hadisələrin əsası məhz bu il, xüsusilə ilin axırında qoyulur: “Ermənistanda gedən proseslər, o cümlədən seçkilər, Paşinyanla separatçı Saakyan arasında mübarizə, Koçaryanın həbsi və digər proseslər də Ukraynadakı hadisələr, Gürcüstandakı seçkilər kimi bütün MDB ölkələri tərəfindən narahatlıqla izlənilir. Bizə düşmən olan ölkənin daxili və xarici siyasəti Azərbaycan üçün əhəmiyyətlidir. Ermənistanın MDB, KTMT, AİB kimi üzv olduğu təşkilatlarda mövqelərinin zəifləməsi sirr deyil ki, bizim maraqlarımıza cavab verir. Xüsusilə, son günlərdə bir qrup şovinist, ermənipərəst şəxslərin Yerevanda toplaşıb Azərbaycan əleyhinə hədyanlar səsləndirməsi belə Ermənistanın adıçəkilən təşkilatlarla qopmaqda olan bağlarını bərkitməyə kömək edə bilmir. Bu fonda Azərbaycanın MDB-də olması, onun tədbirlərində yüksək səviyyədə istirakı ölkəmizin onilliklərlə bağlı olduğu keçmiş sovet respublikaları, o cümlədən Rusiya ilə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrə verilmiş ən yaxşı cavabdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə