Vüqar Bayramov maliyyə nazirinin açıqlamasını şərh etdi ÖZƏL-ŞƏRH

“Maliyyə Nazirliyi fiskal siyasətə məsul olan dövlət qurumudur. Nazirlik bütövlükdə dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi və icrasına məsul olan qurumdur. Təbii ki, Maliyyə naziri Samir Şərifovun da açıqlamaları daha çox fiskal aspektdən qiymətləndirilməlidir. Əslində məzənnəyə məsul olan qurum Mərkəzi Bankdır”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank manatın məzənnəsi, eyni zamanda valyuta bazarında baş verənlərə müdaxilə etmək imkanlarına malikdir: “Nəzərə alsaq ki, 2017-ci ildə manatın möhkəmlənməsi qeydə alınıb. 2018-ci ildə manat praktiki olaraq stabilliyini qoruyub saxlayıb. Maliyyə nazirinin də açıqlaması bu kontekstdə fiskal baxımdan izah edilməlidir. Çünki maliyyə nazirinin də arqumenti ondan ibarətdir ki, əgər biz büdcədə daha çox xərcləmələrə gedəriksə o zaman bu Dövlət Neft Fondundan büdcəyə daha çox transferlər deməkdir. Fondun gəlirləri dollarladır. Təbii ki, həmin vəsaitlərin büdcəyə transfer edilməsi üçün onun hərraclarda satılıb manata çevrilməsinə ehtiyac var. Çünki büdcə öhdəlikləri manatladır. Nəticədə dollarla gəlirləri olan, formalaşan Dövlət Neft Fondu büdcəyə transferləri manatla edir. Bu da valyuta bazarına daha böyük büdcə xərcləmələri baş kontekstindən daha çox valyutanın daxil olmasına gətirib çıxarır ki, nəticədə bu da manatın xarici valyutalara nisbətən məzənnəsinə təsir göstərir. Daha çox valyutanın bazara çıxarılması manatın məzənnəsinin möhkəmlənməsinə səbəb ola bilər. O baxından maliyyə naziri mövcud fiskal qaydalar çərçivəsində məzənnənin möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanmasının vacib olduğunu bildirib.

Praktiki olaraq bu o deməkdir ki, əslində Samir Şərifov gələcəkdə fiskal qaydaları tətbiq etməklə həm büdcə xərclərini optimallaşdırmaq, həm də büdcə xərcləmələrinin valyuta bazarına təsirlərini minimumlaşdırmağa çalışır. Maliyyə nazirinin açıqlaması məzənnə deyil. Bu sadəcə olaraq fiskal siyasətlə bağlı bir izahatdır. Praktik olaraq xüsusən nəzərə alsaq ki, manatın məzənnəsi üçün neftin dünya bazarında qiyməti, eləcə də Azərbaycanın qeyri-neft ixracatında olan ölkələrin valyuta məzənnələrindəki dəyişmələr çox önəmlidir. Neftin dünya bazarında qiyməti və Mərkəzi Bankın da hesablamaları göstərir ki, xüsusən də 60 dollardan yüksək olursa bu halda fiskal xərcləmələr, eyni zamanda valyuta bazarı üçün hər hansı risk formalaşmır.

Nəticə etibarilə 2019-cu ilin dövlət büdcəsində də neftin qiyməti 60 dollar nəzərdə tutulub. 60 dollar həddinin müəyyənləşdirilməsi mövcud qiymətlər çərçivəsində fiskal və məzənnə öhdəliklərinin yerinə yetirilməsinə imkan verir. O baxımdan təbii ki, maliyyə nazirinin açıqlamasını məzənnənin dəyişməsi deyil, fiskal qaydaların tətbiq edilməsi baxımından izah edilməsinə ehtiyac var. Birmənalı şəkildə Maliyyə Nazirliyi fiskal məzənnə deyil, fiskal siyasətə məsul olan qurumdur. Güman edirəm ki, Samir Şərifovun da açıqlamasının əsas mahiyyəti də ondan ibarətdir ki, fiskal qaydalar manatın gələcəkdə möhkəmlənməsinin qarşısını almalıdır. Çünki manatın daha da möhkəmlənməsi Azərbaycanın qeyri-neft ixracatına mənfi təsir göstərə bilər. Çünki bu halda artıq bizim qeyri-neft məhsullarımız qonşu, xüsusən Rusiya bazarında bahalaşa bilər. Nəzərə alsaq ki, 2017-ci ildə Azərbaycanın qeyri-neft ixracatı 1,5 milyard dollar olub. Bu əvvəlki illə müqayisədə 25 faiz çoxdur. 2018-ci ilin 10 ayında Azərbaycanın qeyri-neft ixracatı 1,1 milyard dollardan çox olub. Bu da 12 faizlik artım deməkdir. O baxımdan məzənnə siyasəti, eləcə də manatın məzənnəsi həm də qeyri-neft ixracatını stimullaşdırmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə