Paşinyanın və Ermənistanın yeri göstərildi TƏHLİL

Rusiyanın Sankt-Peterburq şəhərində 6 noyabr tarixində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü diqqət mərkəzində olmaya bilməz və bütün dünya ictimaiyyətinin bu görüşə çox həssas yanaşdığı mətbuat səhifələrindən tutmuş sosial şəbəkələrə qədər öz əksini tapır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakı, ələlxüsus bu görüşdə prezidentlərin yanaşı, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın isə bir küncdə qərarlaşması bir çox məqamlara aydınlıq gətirir.

Rusiyalı məşhur jurnalist Dmitri Smirnovun tvitter səhifəsində yayılan görüntülərdə Vladimir Putin prezidentlərin olduğu sıranın mərkəzində oturduğu, ondan sağda Azərbaycan Prezidenti İlham Əliyev, solda isə Belarus Prezidenti Aleksandr Lukaşenkonun əyləşdiyi, Ermənistan təmsilçisinin isə bu şəkillərdə olmadığı görünür. Jurnalistin tvitter səhifəsi ilə yanaşı, Rusiya saytlarının yaydığı bəzi fotolarda da Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan görünmür. Hətta bəzi fotolar Paşinyanın tamamilə kənarda, mühafizəçilərlə birgə əyləşdirildiyini təsdiq edir.

Fotolar Paşinyanın nəinki dünyada, hətta MDB çərçivəsində heç bir nüfuza malik olmadığını, siyasətçi kimi qəbul edilmədiyini təsdiqləyir

Ermənistana məxsus saytlarda, xüsusilə lragir.am saytında yaranan rezonansı da başa düşmək çətin deyil. Başa düşmək çətin deyil ki, bu fotolardakı mənzərə əslində Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzunun hansı səviyyədə olduğunu bir daha təsdiqləməklə yanaşı, Nikol Paşinyanın hesaba alınmayan, sayılmayan biri olduğunu nümayiş etdirir və bu da sözsüz ki, erməniləri bərk qıcıqlandırır. Ona görə bərk qıcıqlandırır ki, dünyanın bütün liderləri, o cümlədən Vladimir Putin Azərbaycan Prezidentini nüfuzlu, xarizmatik və güclü lider kimi qəbul etdiyi halda, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Paşinyanı siyasətçi kimi belə qəbul etmir və elə küçə nümayişçisi hesab edir.
Məsələ burasındadır ki, təkcə fotolar belə Paşinyanın nəinki dünyada, hətta MDB çərçivəsində heç bir nüfuza malik olmadığını, siyasətçi kimi qəbul edilmədiyini təsdiqləyir. Əgər bu fikirləri Azərbaycanın, Rusiyanın, eləcə də hansısa dünya dövlətlərindən birinin mətbuat səhifəsi yayımlasaydı bunu ermənilər qərəzli adlandıra bilərdilərsə, fotoların bu həqiqəti təsdiqləməsinə səslərini belə çıxara bilmirlər. Əksinə, qeyd etdiyimiz kimi bu həqiqətləri ifşa edən fotolar erməni mediasına təsirsiz ötüşməyib və ermənilər bütün bu gerçəklikləri etiraf etmək məcburiyyətindədirlər.

İclasdan sonra Aleksandr Lukaşenkonun KTMT baş katibi barədə açıqlaması Ermənistana tərs şillə effekti verdi

Ermənistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) ölkələrin belə bir çoxlarının dövlət başçılarının, ələlxüsus Nursultan Nazarbayevin və Aleksandr Lukaşenkonun Nikol Paşinyana etibar etmədiyini, onun olduğu yerdə heç vaxt əhəmiyyətli mövzular haqqında danışmadığını ermənilər belə təkzib edə bilmirlər. Təşkilatın Astanada keçirilən sonuncu iclasından sonra öz ölkəsinə qayıdarkən Lukaşenkonun Azərbaycan səfirini qəbul etməsi və baş verənlərlə bağlı müzakirələr aparması Yerevana ən ağır zərbə idi və bunu heç zaman unuda bilməyən ermənilərin özləri də onlara etibar edilmədiyini çox gözəl bilirlər.

Ermənistanın təşkilatda baş katiblik müddətinin 2020-ci ilə qədər davam edəcəyi halda KTMT-də erməni baş katib Yuri Xaçatrov haqqında Ermənistanda cinayət işinin açılması səbəbilə təşkilata üzv ölkələrin, xüsusilə Qazaxıstan və Belarusun Ermənistanın yeni namizəd irəli sürməsinə qarşı çıxmaları onsuz da ermənilərə tutarlı bir dərs hesab olunurdu və etibarsızlığın açıq şəkildə ifadə olunması kimi ictimaiyyət tərəfindən qəbul olunur.

Sankt-Peterburqda keçirilən sammitdə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “lider” kimi qəbul edilməməsi ilə yanaşı, iclasdan sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun açıqlaması Ermənistana tərs şillə effekti verdi. Daha dəqiq desək, Lukaşenkonun Sankt-Peterburqda qeyri-rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katibin seçildiyini bəyan etməsi Ermənistan üçün gözlənilməz olduğu qədər ağır zərbə hesab olunur. “Biz az qala gözlənilmədən KTMT-nin iclasını keçirdik və prinsip etibarilə baş katibin təyinatı problemini həll etdik”, deyərək baş katibin Belarus nümayəndəsi olacağını təsdiqləyən Lukaşenko bununla ermənilərin ümumiyyıtlə hesaba alınmadığını təsdiqlədi.

Sankt-Peterburqda keçirilən görüşdə baş verənlər baş nazir səlahiyyətlərini icra edən küçə nümayişçisinin reytinqinə əsaslı zərbədir

MDB dövlət başçılarının və Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin Sankt-Peterburqda keçirilən sammitində Azərbaycan Prezidentinin üstünlüyü, bir sözlə, ölkəmizin qələbəsi və Nikol Paşinyanın timsalında Ermənistanın Avrasiya platformasında məğlubiyyəti açıq-aşkar göründü. Həmçinin, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Paşinyanın kimliyi, nüfuzu, ona olan etibarsızlığın fonunda tamamilə aydın oldu. Bu küçə nümayişçisinə göstərilən “münasibət” əslində Ermənistana da bir mesaj hesab olunur və bunu hamıdan yaxşı ermənilər özləri başa düşürlər.

Astana sammitindən sonra baş katibin seçilməsi üçün 6 dekabr tarixində Sankt-Peterburqda keçiriləcəyi gözlənilən növbəti iclasın Rusiya prezidenti Vladimir Putinin təklifi ilə təxirə salınması əslində, seçkiqabağı Nikol Paşinyana sərf edirdi və bunu elə onun özü də xahiş etmişdi. Baş katiblik məsələsində məğlub olacağını və bu məğlubiyyətin seçki öncəsi reytinqinə zərbə vuracağını anlayan küçə nümayişçisi Ermənistanda elə bir süni inam yaratmışdı ki, guya KTMT-nin baş katibi məsələsi hələ həll olumayıb və İrəvanın hələ də şansları var. Lakin 6 dekabr tarixində Sankt-Peterburqda keçirilən görüşdə baş verənlər və Lukaşenkonun açıqladıqları hər şeyin həll edildiyini aşkarlayır və bu da seçkiqabağı Paşinyan üçün heç də arzuolunan deyil. Daha dəqiq desək, Sankt-Peterburqda keçirilən görüşdə baş verənlər baş nazir səlahiyyətlərini icra edən küçə nümayişçisinin reytinqinə, seçkilərdə qələbəsinə əsaslı zərbədir.

Ermənistan baş nazirinin mətbuat katibinin Lukaşenkonun dediklərini təkzib etməsi heç də təsadüfi deyil və məqsəd Paşinyanın, ümumilikdə Ermənistanın məğlubiyyətini ört-basdır etməkdir. Buna baxmayaraq, əksər erməni şərhçilər Azərbaycanın Belarus və Qazaxıstanın vasitəsilə Ermənistanı məğlub etdiyini açıq şəkildə etiraf da edirlər. Məsələn, lragir.am saytı yazır ki, görünür, Qazaxıstan da, Belarus da öz oyunlarına davam edirlər, Azərbaycan istədiyinə nail olur və bu, gələcək müharibədə KTMT-nin Ermənistana dəstək verə biləcəyi ehtimalını sıradan çıxarır. Erməni şərhçilərin bu etirafı heç də əbəs yerə deyil və bu əslində Ermənistanın məğlubiyyətinin, Azərbaycanın isə işğalçı dövlət üzərində növbəti diplomatik qələbəsinin etirafıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...