“Ölkəmizin çox böyük valyuta ehtiyatları var” ÖZƏL-MÖVQE

“Hazırkı şəraitdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, habelə dövlət maliyyə qurumlarının əsas mövqeyi ondan ibarətdir ki, manatın məzənnəsinin hədsiz dərəcədə, möhkəmləndirilməsi ölkə iqtisadiyyatı və onun prespektiv inkişafı üçün zərərlidir. Bu zərərlər özünü ölkədə ixrac potensialının zəifləməsində, idxal üçün daha geniş imkanlar yaranmasında və milli istehsalın imkanlarını məhdudlaşdırılmasında göstərər”. Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, bu gün Azərbaycanda qeyri-neft sektoru xüsusilə də qeyri-neft istehsal sektoru inkişaf edir: “Bu inkişaf şəraitində milli valyutanın ifrat möhkəmlənməsi qeyri-neft sektorunda başlamış inkişaf prosesinə öldürücü təsir göstərə bilər. Bu nöqteyi nəzərdən Maliyyə Nazirliyinin izahatı, Azərbaycanda gedən proseslərin indiki vəziyyətinə və məntiqi davamına uyğundur. Bu həm də, ölkənin iqtisadi inkişafı üçün yeni prespektivlər açmaq baxımından doğrudur”.

A.Quliyev əlavə edib ki, Vahid Əhmədov təcrübəli iqtisadçıdır: “Onun nəzəri və pratiki olaraq hazırlıq səviyyəsi şübhə doğurmur. Lakin xüsusilə hazırkı şəraitdə manatın məzənnəsinin möhkəmlənməsi ilə bağlı onun və digər iqtisadçıların fikirlərinin əsası yoxdur. Azərbaycanda devalvasiya təhlükəsi gözlənilmir. Ölkənin çox böyük valyuta ehtiyatları var, həmçinin ixrac potensialı getdikcə artır və Azərbaycanın iqtisadiyyatının neftdən aslılığı getdikcə zəifləyir. Belə şəraitdə yeni develvasiya dalğasından danışmaq doğru olmazdı."

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə