"Azərbaycan terrorla mübarizənin ən fəal tərəfdarı kimi çıxış edir" ÖZƏL-RƏY

“Azərbaycan Respublikasının "Qlobal terrorçuluq indeksi” məruzəsində 98-ci yeri tutması cənab Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu daxili və xarici siyasətin bariz nümunəsidir”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman terrorla mübarizənin ən fəal tərəfdarlarından biri kimi çıxış edir: “Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında vurğuladığı ən əhəmiyyətli məsələlərdən biri istər regional, istərsə də qlobal səviyyədə terrorla mübarizə fəaliyyətlərinin genişləndirilməsi məsələsidir. Bu da onu göstərir ki, Azərbaycan xarici siyasət kursunun əsas prioritet məsələlərindən biri də məhz terrorla mübarizədir.

2001-ci ilin 11 sentyabr hadisələri dünya dövlətlərinin beynəlxalq terrorizmə və təcavüzkar separatizmə daha həssaslıqla yanaşması, terrora və onu dəstəkləyən dövlətlərə qarşı barışmaz mövqenin təşəkkül tapması, qlobal cinayətlər əleyhinə mübarizədə beynəlxalq birliyin səylərinin birləşdirilməsi üçün zəmin yaradıb.

Azərbaycan Respublikası 11 sentyabr hadisələrindən sonra antiterror koalisiyasına daxil olan ilk dövlətlərdən biridir. Dövlətimizin bu istiqamətdə əldə etdiyi önəmli nəticələr dünya birliyi və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Heç şübhəsiz ki, Azərbaycanın terrorla mübarizə fəalliyətlərində uğurlar əldə etməsində ən mühüm amillərdən biri də Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və digər hüquq-mühafizə orqanlarının öz işinin öhdəsindən layiqincə gəlməsindən irəli gəlir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...