Rusiya mətbuatı Ermənistan seçkilərindən nə yazır? ANALİTİK

Ermənistan bazar günü növbədənkənar parlament seçkilərini keçirməyə hazırlaşır və bu seçkilər yazda baş vermiş “məxməri inqilabdan” sonra hakimiyyət tranzitinə birdəfəlik son qoyacaq. SİA xəbər verir ki, bu barədə RİA-Novosti agentliyinin analitik bölməsində dərc olunmuş məqaləsində qeyd olunub. “Ermənistanda seçkilər: anti-Rusiya gücləri nəyə ümid edirlər?” başlıqlı məqalə əsasən, Ermənistanda anti-Rusiya meyllərinin güclənməsindən bəhs etməklə yanaşı, Nikol Paşinyanın səriştəsizliyi və siyasi boşluqlarına da diqqət çəkir.

Bəzi namizədlərin seçiləcəkləri halda Paşinyana qarşı müxalifətçilk edəcəkləri barədə verdikləri vədləri seçicilərdə şübhələr yaradır

Bildirilir ki, seçki yarışında 11 partiya bə seçki blokları iştirak edir və onların yalnız yarısı gələcək parlamentin heyətinə düşə bilərlər. “Bu seçkilərin əsas favoriti “məxməri inqilabın” lideri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokudur”, yazan müəllif bildirir ki, bütün ekspertlər və KİV-lər birmənalı olaraq, onun qələbə qazanacağını proqnozlaşdırırlar. SİTAT: “Yeganə sual isə budur ki, Paşinyanın bloku sentyabr ayında keçirilmiş mer seçkilərindəki nəticələrini təkrar edə biləcək, yoxsa daha az səs qazanacaq. Seçki rəqabətində və orada iştirak edənlərin şansları barədə danışarkən, ən çox görünən amil digər iştirakçıların qabaqcadan “Mənim addımım” seçki blokunun qələbə qazanacağından danışırlar və seçiciləri özlərinə səs verməyə səsləyirlər ki, heç olmasa, parlamentdə düşərkən, müəyyən dərəcədə müxalifətçilik edə bilsinlər. Bununla yanaşı, demək olar ki, bütün iştirakçılar Paşinyana, eləcə də “məxməri inqilaba” dəstək yönündən çıxış edirlər və onların parlamentə seçiləcəkləri halda mövcud hakimiyyətə qarşı real müxalifətçilik cəbhəsindən çıxış edəcəkləri barədə verdikləri vədlər seçicilərdə şübhələr yaradır. Yalnız Respublika partiyası keçmiş iqtidar partiyası olaraq, “məxməri inqilaba” və şəxsən Paşinyana qarşı çıxır...”

Seçkilərə qatılmış parlamentin köhnə sakinləri də iflasa uğradıqdan sonra “pensiyaya” çıxacaqlar

“Qeyd etmək lazımdır ki, dekabr seçkiləri ümumilikdə siyasi nəsli dəyişəcək”, deyə qeyd edilən məqalədə bildirilir ki, bu seçkilərdə iştirak etməkdən uzun illər müxalifətdə olan liderlər - Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi” və Raffi Ovannisyanın “İrs” partiyaları imtina ediblər. Eləcə də seçkilərə qatılmış parlamentin köhnə sakinləri də iflasa uğradıqdan sonra “pensiyaya” çıxacaqlar.

Beləliklə, ölkənin siyasi mühitində dəyişikliyin olacağını istisna etməyən müəllif əslində, xarici siyasətdə də ciddi problemlərin yaşanacağını qeyd edib.

Paşinyan öz sələfindən fərqli olaraq, özünü daha emosional apararaq, KTMT-də və Avrasiya ittifaqında ictimai qovğalar yaradacaq

Belə ki, müəllifin fikrincə, “Mənim addımım” bloku faktiki olaraq, Respublika partiyasının yerini tutacaq və öz sələfinin siyasətini təkrarlayaraq respublikanın Avrasiya İttifaqında və KTMT-dəki üzvlüyünün davam etdirilməsi, eləcə də Rusiyaya bağlılığı istiqamətində bu ölkə ilə hərbi-siyasi ittifaqa sədaqəti yönündən çıxış edəcək. Lakin eyni zamanda, Qərblə, xüsusilə Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirməyə cəhd göstərəcək. “Bununla yanaşı, Paşinyan öz sələfindən fərqli olaraq, özünü daha emosional apararaq, KTMT-də və Avrasiya ittifaqında ictimai qovğalar yaradacaq”, deyə yazıda qeyd olunub.

Lakin məqalədəki digər maraqlı məqam Respublika partiyası barədə verilən proqnozlardır. SİTAT: “Mənim addımım”ın analoji mövqeyini parlamentə düşəcəyi təqdirdə Respublika partiyası tutacaq. “Çiçəklənən Ermənistan” isə özünü daha açıq şəkildə Rusiyameylli kimi göstərəcək və bunu Moskvaya nə qədər yaxın olduğunu göstərmək üçün edəcək. Bu məqsədlə, “Çiçəklənən Ermənistan”ın nümayəndə heyəti Rusiya dumasının spikeri Vyaçeslav Volodonlə və “Vahid Rusiya” fraksiyasının rəhbəri Sergey Neverovla görüş keçirib”.

Ermənistanın yeni parlamentində anti-Rusiya meylli partiyalardan daha çox şanslı kimi “Sasna-Srer” göstərilir

Müəllif daha iki partiyanın seçki baryerini keçəcəyini yazıb və qeyd edilib ki, fərqli geosiyasi orientasiya həmin partiyalarda müşahidə olunur: “Çiçəklənən Ermənistan” daha çox qərbyönümlü olsa da, anti-Rusiya baxışından çıxış etməməsi tipində xarakterizə edilsə də, radikallar tərəfindən təsis edilmiş və təmsilçiləri 2016-cı ilin yayında İrəvandakı polis alayına hücum edənlər olan “Sasna-Srer” partiyasında Rusiyaya qarşı çıxmaq məqsədi açıq-aydın görünür”.

Beləliklə, Ermənistanın yeni parlamentində anti-Rusiya meylli partiyalardan daha çox şanslı kimi “Sasna-Srer” göstərilir. Yeri gəlmişkən, bu yaxınlarda “Sasna-Srer” partiyasının təmsilçiləri Paşinyanın siyasi fəaliyyətində boşluqlar olacağı halda, hətta silahlı müqavimət göstərəcəklərini də gizlətməyərək, erməni mətbuatında öz siyasi maraqlarını açıqlayıblar. Ümumilikdə isə, Ermənistanda dekabrın 9-dan sonra ciddi və hətta ölkədaxili çaxnaşmaların yaşanacağını kifayət qədər proqnozlaşdırmaq mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə