“Mən fəxr edirəm ki, azərbaycanlıyam” - TƏDBİR

YAP Yasamal rayon təşkilatında AXC-nin 100-cü ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında YAP Yasamal rayon təşkilatının və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda sərgi-tədbir keçirilib.

Layihə rəhbəri Elnurə İsgəndərovanın və sərgi-tədbirin təşkilatçısı Aygün İsgəndərovanın təşəbbüsü ilə keçirilən sərgidə sənətin bütün növləri üzrə 100-dən çox rəssam 150-dən çox işi qatılıb.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Yasamal rayon Qadınlar Şurasının sədri Tamilla Şahbazova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rayonun ictimai xadimləri sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olublar.

Layihə rəhbəri Elnurə İsgəndərova belə bir sərginin keçirilməsi üçün dəstək göstərən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədova öz minnətdarlığını çatdırıb.

Sərgi ilə bağlı fikirlərini çatdıran YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov qeyd edib ki, bu il Azərbaycanda Cümhuriyyətin 100 illiyi ilə bağlı bir çox tədbirlər keçirilir və bu sərgi də onlardan biridir. O, qeyd edib ki, bu kimi tədbirlər davamlı olaraq həyata keçirilir və qarşıda da bənzər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Çıxış edən YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova da öz növbəsində sərgi iştirakçılarını və qonaqları salamalayaraq, belə bir tədbirlərin keçirilməsini alqışladığını bildirib və partiyanın rayon təşkilatının sədri Tağı Əhmədova bu şəraiti yaratmasına görə təşəkkürlərini çatdırıb.

Sabir adına kitabxananın müdiri Gülşən Abbasova, tanınmış rəssam Asif Azərelli və digər qonaqlar da sərgi barədə fikirlərini çatdıraraq, gənc və yeniyetmə rəssamlara işlərində müvəffəqiyyətlər arzulayıblar.

Sərgidə gənc və yeniyetmə rəssamlara diplomlar təqdim olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...