Ölkəmizin təcrübəsi CEPEJ tərəfindən dəyərləndirilir

Ölkəmizdə məhkəmə-hüquq islahatları öz bəhrəsini verməkdədir və təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu islahatlar beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı görülən ardıcıl və məqsədyönlü tədbirlər diqqət mərkəzindədir və əldə olunan müsbət nəticələr heç də təasdüfi deyil.

Avropa Şurası ilə birgə işçi qrupları yaradılaraq məhkəmə fəaliyyətini tənzimləyən qanunvericilik bazasının əsaslı şəkildə yenilənməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi, hakimlərin Avropada ən mütərəqqi və şəffaf seçim qaydasının müəyyən edilməsi, məhkəmə sisteminin özünüidarə səlahiyyətlərinin ilbəil genişləndirilməsi təsdiq edir ki, məhkəmə-hüquq sahəsində yetərincə uğur və nailiyyətlər əldə edilib. Avropa Şurası və onun mühüm hüquq təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) ilə sıx işgüzar əlaqələr qurulması, 2014-cü ildə CEPEJ-in Plenar iclasının ilk dəfə olaraq Strasburqdan kənarda, Bakıda təşkil olunması həyata keçirilən islahatların məntiqi nəticəsidir.

Məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi CEPEJ tərəfindən vurğulanırsa, uğurlarımız etiraf olunur

Heç də təsadüfi deyil ki, hakimlərin seçimində ölkəmizin müsbət təcrübəsi CEPEJ tərəfindən örnək kimi dəyərləndirilərək digər dövlətlərə tövsiyə edilib. Eyni zamanda məhkəmə sisteminin inkişafı, müasirləşdirilməsi və yeni unikal infrastrukturunun yaradılması sahəsində Azərbaycanın öncül dövlət olduğu CEPEJ tərəfindən vurğulanırsa, deməli, uğurlarımız etiraf olunur. Ötən il ölkəmizin məhkəmə sistemindəki uğurlarına görə Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatçısı olması göründüyü kimi heç də təsadüfi deyil.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanovun uzun müddət CEPEJ-in Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsi üzrə Komitəsinin eksperti, qurumun Büro üzvü və vitse-prezidenti kimi təmsil olunması da fərəhli haldır və bu bütövlükdə ölkəmizin uğurudur. Azərbaycanın nümayəndəsi bir çox Avropa dövlətlərində məhkəmə sistemlərinin qiymətləndirilməsində yaxından iştirak edirsə, qiymətləndirmə qruplarına rəhbərlik edirsə, mötəbər beynəlxalq tədbirlərdə, habelə Avropa Şurasının müraciətləri əsasında xarici dövlətlərdə CEPEJ-in fəaliyyətini, xüsusilə ölkəmizin məhkəmə-hüquq sistemindəki müsbət təcrübəsini təbliğ edirsə, həmkarlarına aşılayırsa, bu uğurlar da ümumilikdə Azərbaycana məxsusdur.

Azərbaycanın nümayəndəsi Ramin Qurbanovun CEPEJ-in prezidenti seçilməsi böyük nailiyyətdir və ümumilikdə ölkəmizin uğurudur

CEPEJ-in 4 dekabr tarixində Strasburqda qurumun prezidentinin, vitse-prezidentinin və Bürosunun iki üzvünün seçkisinin keçirildiyi növbəti Plenar iclasında Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanovun fərqlənməsi çox sevindiricidir. Məhkəmə islahatları sahəsində mütərəqqi nailiyyətlərimiz, habelə ölkəmizin Komissiyanın işində fəal iştirakı, səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, seçkilər nəticəsində Azərbaycanın nümayəndəsi Ramin Qurbanovun bu dəfə CEPEJ-in prezidenti seçilməsi həqiqətən də qürurvericidir.
Azərbaycan Respublikasının 50-dən çox dövlətin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə köməklik edən və ədliyyə fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verən CEPEJ-in prezidenti kimi yüksək səviyyədə təmsil olunması dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun daha bir təzahürüdür. Bu eyni zamanda o deməkdir ki, beynəlxalq ictimaiyyət, ələlxüsus dünyanın ədliyyə sistemləri ölkəmizin məhkəmə-hüquq təcrübəsini yüksək qiymətləndirir və hətta bu təcrübədən bəhrələnmək niyyətindədir. Bu baxımdan, Azərbaycanın nümayəndəsi Ramin Qurbanovun CEPEJ-in prezidenti seçilməsi böyük nailiyyətdir.

Azərbaycan demokratik dəyərlərə sadiq bir dövlət kimi tanınır, beynəlxalq hüquq əməkdaşlığı sahəsində etibarlı tərəfdaş kimi qəbul olunur

Artıq beynəlxalq miqyasda etiraf olunur ki, Azərbaycan ədliyyəsi bu gün özünün ən şərəfli inkişaf dövrünü yaşayır və ötən əsrin 90-cı illərində müstəqilliyimizin bərpası ilə dövlət strukturunda, eləcə də cəmiyyətdə öz layiqli yerini tutub. Təbii ki, bu proses müasir milli Azərbaycan dövlətçiliyinin banisi və memarı Ulu Öndər Heydər Əliyevin mükəmməl idarəçilik konsepsiyası və xidmətləri, eləcə də Ümummilli Liderin layiqli davamçısı Cənab prezident İlham Əliyevin uğurlu, məqsədyönlü siyasəti sayəsində reallaşıb. Ədliyyə sistemi, eləcə də insan hüquq və azadlıqlarının təmin edilməsi Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ötən müddət ərzində "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlara 100-dən çox mütərəqqi əlavə və dəyişikliklər edilməsi bu diqqətin əyani sübutudur və qəbul olunan bir sıra qanunvericilik aktları yeni dövrün reallıqlarını şərtləndirir.
Məhkəmələrə inamın artırılması və onların real müstəqilliyi baxımından kimlərin hakim seçilməsi, bu prosedurun obyektivliyi və şəffaflığı müstəsna əhəmiyyət kəsb edir. Bu məsələyə xüsusi diqqət yetirilərək, Azərbaycanda Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hakimlərin maksimum şəffaf seçim qaydası işlənib hazırlanıb və bu seçim proseduru sayəsində ölkəmizdə yeni nəsil hakimlər yetişib ki, hazırda onlar bütün hakim korpusunun 60 faizdən çoxunu təşkil edir. Avropa Şurası və Avropa İttifaqı bu sahədə Azərbaycanın təcrübəsini öyrənərək, onu yaxşı praktikaların maraqlı modeli kimi qiymətləndirib və əbəs yerə deyil ki, bu seçim proseduru Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən üzv dövlətlər üçün müsbət nümunə kimi tövsiyə olunub.
Məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdən xəbər verir. Bu sistem məhkəmə proseslərinin elektron qaydada qeydə alınması və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud sonradan izlənilməsi imkanı deməkdir. Azərbaycanda məhkəmələrin həm daxilən, yəni ədalət mühakiməsinin daha səmərəli şəkildə həyata keçirilməsi baxımından, həm də zahirən, yəni ən müasir təcizatla təmin olunması ilə bağlı xeyli faktlar mövcuddur. Görülən işlərə xarici mütəxəssislərin, nüfuzlu beynəlxalq ekspertlərin gözü ilə baxsaq əyani şəkildə şahidi olarıq ki, yaradılan bu şərait həqiqətən də yüksək səviyyədə qiymətləndirilir. Məhz bu baxımdan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bütün sahələrdə əldə etdiyi nailiyyətlər, o cümlədən, hüquq islahatlarının uğurla aparılması nəticəsində Avropada, dünyada demokratik dəyərlərə sadiq bir dövlət kimi tanınır, beynəlxalq hüquq əməkdaşlığı sahəsində etibarlı tərəfdaş kimi qəbul olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...