“Zatulinin əsas maliyyə qaynağı erməni lobbisidir” AÇIQLAMA

““Lazarev klubu”nun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri hazırda Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir”. Bunu SİA-ya açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, o, hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilib: “Hər dəfə fürsətdən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ermənilərin "haqlı" olduğunu söyləməklə işğal faktına haqq qazandırır, rəsmi Moskvanın məsələnin həll ilə bağlı rəsmi mövqeyinə tamamilə zidd bəyanatlar verir. Zatulin və onun “Lazarev klubu”nda təmsil olunan Yevseyev, Kazimirov kimi "siyasətçi"lər vaxtilə Robert Koçaryan və Serj Sarkisyan hərbi xuntası ilə sıx əlaqəli idilər. Başda Zatulin olmaqla bu şəxslərin əsas maliyyə qaynağı keçmiş Ermənistan rəhbərliyi və erməni lobbisidir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlum məsələ ilə bağlı bəyanatında da vurğulandığı kimi, Rusiya-Ermənistan “Lazarev klubu”nun iclasında səsləndirilən fikirlər Azərbaycan-RF münasibətlərinə xələl gətirmək məqsədi güdür. “Lazerev klubu”nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir. Son zamanlar Ermənistanda Koçaryan-Sarkisyan cinayətkar rejiminin sıradan çıxarılması bu şəxslərin də maliyyə qaynaqlarının zəifləməsinə səbəb olub. İndi onlar Ermənistanda seçkilər ərəfəsində bu cür müzakirələr təşkil edərək Azərbaycanı hədəfə alan açıqlamalar verməklə Ermənistanın yeni hakimiyyətinə də "canla-başla qulluq edəcəkləri"ni göstərməyə çalışırlar. Azərbaycanla Rusiya arasında münasibətlərin yüksələn xəttlə inkişafı Ermənistanda, işğal altındakı ərazilərimizdə fəaliyyət göstərən separatçı rejimdə və Rusiyada onların maraqlarını müdafiə edən bəzi dairələrdə çox ciddi narahatlıq yaradır. Bu səbəbdən hər vasitə ilə iki ölkə arasındakı mövcud əlaqələri zədələməyə can atırlar. Əslində isə bu gün Rusiyanın hakimiyyət dairələrinin özündə belə adı çəkilən klubda təmsil olunan siyasətçilərin heç birinin tutarlı çəkisi və təsir imkanları mövcud deyil. Ona görə də, “Lazarev klubu”nun bəyanatları nə qədər anti-Azərbaycan mahiyyəti daşısa da, onun Rusiya ilə olan münasibətlərə təsir etməyəcəyi qənaətindəyəm”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə