"Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır" AÇIQLAMA-ÖZƏL

"Azərbaycanın yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutmasını yüksək qiymətləndirirəm. Bu göstərici görülən işlər nəticəsində ölkəmizdə ümumiyyətlə terror təhlükəsinin olmadığının bariz sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və heç bir terror təhlükəsi yoxdur.

Hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanlarının ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin üzərində çox ciddi işlədiyini deyən polkovnik söyləyib ki, Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur: “Bu gün Azərbaycanın terrordan xilasının bir neçə səbəbi var. Bunlardan biri xalqın özüdür. Çünki, Azərbaycan xalqı heç zaman münaqişələri getmir və dövlətlər arasında nifaq salmaqda maraqlı deyil. Digər səbəb Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yüksək səviyyəli daxili və xarici siyasət nəticəsində bütün millət və xalqların tolerant şəkildə yaşamasıdır. Həm azərbaycanlılar, həm də başqa millətlərin nümayəndələri ölkəmizdə eyni hüquqlara malikdir. Bütün bunlarla yanaşı, hüquq mühafizə orqanlarının apardığı profilaktik tədbirlər ölkəmizi terror təhlükəsindən qoruyan səbəblər sırasındadır”.

Polkovnik qeyd edib ki, Azərbaycanda terrorun qarşısını alan əsas fəaliyyət ölkədə düzgün idarəetmə, təhlükəsizlik sisteminin olmasıdır: “Belə hadisələrin qarşısı dərhal alınır və hər hansı təhlükənin baş verməməsi istiqamətində bütün tədbirlər görülür. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar günün istənilən saatında rahat şəkildə çöldə gəzə, dincələ bilir. Bütün bunlar ölkədə hökm sürən əmin-amanlıqdan, sabitlikdən xəbər verir.

C.Xəlilov əlavə edib ki, Azərbaycanı narahat edən əsas məsələlərdən biri Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bu hadisələrin baş vermə ehtimalıdır: “Bu gün Dağlıq Qarabağda erməni terror təşkilatları tərəfindən terrorçular yetişdirilib, hazırlanmaqla yanaşı, kriminal aləmdə tanınan insanlar həmin ərazilərdə saxlanılır. Ən pisi isə onlar Ermənistanın maraqlarının həllinə yönəldilir. Bu azmış kimi işğal altında olan torpaqlarımızda narkotik bitkilər yetişdirilir və digər qanunsuz miqrant fəaliyyəti ilə məşğul olunur. Bu həm Azərbaycan, həmdə qonşu dövlətlər üçün təhlükə mənbəyidir. Dünya ölkələri buna birmənalı münasibət bildirərək, Ermənistandan nəzarət olunmayan ərazilərin işğaldan azad edilməsini tələb etməlidirlər”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanan "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır.

Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi.

Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir.

İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir.

Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci yerdə dayanır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...