"Lazerev klub”unda yer alanlar qaragüruhçulardır" MÖVQE-ÖZƏL

“Əslində “Lazerev klub”u Ermənistanın keçmiş rəhbərləri Koçaryan və Sarkisyan tərəfindən yardılıb. Məqsəd Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək və onun məsuliyyətinə eyni zamanda Rusiya ilə bölüşmək istəyidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, düzdür, rəsmi Rusiya bunu özünə yaxın qoymasa da, onların cəmiyyətində erməni puluna aldanan və erməni maraqlarını onlardan daha çox əzmkarlıqla müdafiə etməyə çalışan şəxslər tapılıb.

Klubun iclası zamanı Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulinin Azərbaycanla bağlı fikirlərinə gəlincə, deputat söyləyib ki, Zatulun və onun kimilər heç bir əqidəsi olmayan, maddi maraq naminə istənilən yol getməyə hazır olanlardır:

“Lazerev klub”unun sonuncu iclası Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tərəfindən təşkil edilmişdi və onun özü də şəxsən iştirak edirdi. Məqsədi Rusiya və Ermənistan cəmiyyətinə hələ də onun güc sahibi və proseslərə təsir etmək imkanına malik olduğunu göstərməkdən ibarət idi. Amma əslində bir qrup insanın toplaşdığı həmin tədbir sadəcə olaraq qaragüruhçuların qurultayından başqa bir şeyə çevrilmədi”.

A. Mirzəzadə qeyd edib ki, onların Azərbaycanı hədələməsi, Ermənistan barəsində dünənki günün fikirlərini səsləndirməsi elə həmin auditoriyada da qaldı: “ Amma bununla belə, Azərbaycan cəmiyyətində onlara kəskin reaksiya verildi və bildirildi ki, Azərbaycan özünü bu gün müdafiə etmək əzmindədir və qaragüruhçuların heç bir çağırışı və yaxud kimlərinsə özünə dəstək görmək istəyi heç vaxt baş tutmayacaq. Azərbaycan apardığı müstəqil daxili, xarici siyasət nəticəsində özünə güclü dövlət qurub, güclü iqtisadiyyatı var, dünyanın 50 ən güclü silahlı qüvvələri sırasına daxildir və torpaqlarını işğaldan azad edilməsi üçün daim qətiyyətlə mübarizə aparacaq. Koçrayan və Sarkisyan Ermənistanın dünənidir. Düzdür, Ermənistanın yeni hakimiyyəti hələ formalaşmayıb. Ancaq o siyasətlə Ermənistanın heç bir zaman inkişafı ola bilməzdi. Erməni puluna susayan İrəvana yığılan bir qrup Rusiya nümayəndəsinin tədbiri Koçaryanı və onun ətrafındakılarının özünü sakitləşdirməsindən başqa bir şey deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...