Qaradağda YAP-ın yaranmasının 26 illiyi qeyd edilib FOTOLAR

Bu gün YAP Qaradağ rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları, ilk öncə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzərək, hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirib: "Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla da Azərbaycanın tarixində yeni dövr başladı".

S.Mikayılov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan YAP-ın 26 illik inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar və bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoyub.

A.Hüseynov onu da qeyd edib ki, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib: "Yeni zirvələr fəth edən Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini təmin edib. Xalqımız Azərbaycanın son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda böyük inkişaf yolu keçməsini, bu hərtərəfli və dinamik inkişafın bütün sahələri əhatə etməsini çox yüksək qiymətləndirir. Azərbaycan vətəndaşları ölkəmizin inkişafın, sabitliyin davam etməsini istəyir, iqtidarın həyata keçirdiyi siyasətə mütləq inam və etimadlarını ifadə edirlər. Xalq Azərbaycanda inkişaf və sabitliyin davamlı olması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir".

Digər çıxış edənlər də Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildiriblər.

Sonda YAP Qaradağ rayon təşkilatının bir qrup fəal üzvünə, eyni zamanda, yubileyi olan partiya üzvünə rayon icra hakmiyyətinin Fəxri fərmanları, həmçinin, partiyaya yeni üzv olanlara partiya vəsiqələri təqdim olunub.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə