Naxçıvanda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd edilib

Naxçıvan Müəllimlər İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümünə həsr olunmuş elmi-praktik konfransda çıxış edən ali təhsil ocağının rektoru, YAP Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, dosent Elbrus İsayev partiyanın yaranması zərurətindən danışıb, onun müstəqil Azərbaycanın inkişafında oynadığı misilsiz rola nəzər salıb. SİA xəbər verir ki, tədbirdə YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli “Müstəqil Azərbaycanın inkişaf tarixində Yeni Azərbaycan Partiyası” mövzusunda geniş məruzə edib.

Bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən partiya kimi yaradılıb. Dövlətçiliyimizin taleyindən ciddi narahatlıq keçirən 91 nəfər tanınmış ziyalının 1992-ci il oktyabrın 16-da o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciəti partiyanın ümummilli sosial sifariş nəticəsində meydana çıxdığını göstərir.

Qeyd olunub ki, 2005-ci ilin martında partiyanın III Qurultayında YAP-ın Sədri seçilən İlham Əliyevin rəhbərliyi altında bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Zamanın sınağından uğurla çıxmış Heydər Əliyev siyasəti bu gün Naxçıvanda da qətiyyətlə davam etdirilir. Ötən 23 illik zaman məsafəsi muxtar respublikada da sürətli sosial-iqtisadi inkişaf və elmi-mədəni intibah dövrü kimi muxtariyyət tarixinin ən şanlı səhifəsini təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun muxtar respublikamıza uğurlu rəhbərliyi Ulu Öndərimizin dövlətçilik siyasətinə dönməz sədaqətin bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, inkişaf proseslərində YAP Naxçıvan Şəhər Təşkilatının üzvləri də yaxından iştirak ediblər. Hazırda 17 min 820 üzvü olan təşkilatın sıralarında 9 min 398 qadın, 10 min 850 gənc təmsil olunur. Təkcə son iki ildə təşkilatda partiyaya 2036 üzv qəbul edilib ki, bunların da 1180-i qadın, 1990-ı gənclərdir. Üzvlüyə yeni qəbul edilən gənclərin 1781 nəfəri fəal tələbələrdir. YAP Naxçıvan Şəhər Təşkilatının 2 üzvü Azərbaycan Respublikası Milli Məclisinin, 19 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Üzvlərin 2-si akademik, 5-i AMEA-nın müxbir üzvü, 26-sı elmlər doktoru, 162-si fəlsəfə doktorudur.

Konfransda YAP Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk partiya təşkilatının sədri, institutun pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev “Yeni Azərbaycan Partiyasının yaranması xalqın ümid və inamını formalaşdıran əsas sosial-psixoloji təsir amilidir”, partiyanın Naxçıvan Müəllimlər İnstitutunun Gənclər Birliyinin sədri, təbiət və incəsənət fakültəsinin III kurs tələbəsi Ruhid İslamlı “Azərbaycanda dövlət gənclər siyasətinin uğurları” mövzularında çıxış ediblər.

Sonra YAP-a yeni üzv olunmuş tələbələrə partiya vəsiqələri təqdim olunub. Konfransda tələbələr şeirlər səsləndirib, musiqi proqramı ilə çıxış ediblər.

X X X

Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində Azərbaycanın hər yerindən gələn 550 nəfər nümayəndənin iştirak etdiyi təsis konfransında yaradılıb.

Bu barədə YAP Babək Rayon Təşkilatında partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə keçirilən tədbirdə danışılıb.

Tədbirdə çıxış edən partiyanın Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov məruzəsində qeyd edib ki, 1993-cü il yanvarın 30-da ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə partiyanın Babək Rayon Təşkilatının təsis konfransı keçirilib. Bu gün təşkilat sıralarında 6836 nəfər partiya üzvünü birləşdirir.

Vurğulanıb ki, partiyanın əldə etdiyi uğurlar ötən müddətdə Babək rayonunu da yeni inkişaf mərhələsinə qovuşdurub. Bu il 40 yaşını qeyd edən Babək rayonunda kompleks quruculuq işləri aparılıb, iqtisadi və sosial sahədə yeni uğurlar qazanılıb. Rayon mərkəzi olan Babək qəsəbəsinin siması dəyişilib, müasir rayon mərkəzinə çevrilib. Bu dövrdə ucqar dağ və sərhəd yaşayış məntəqələri olan Aşağı və Yuxarı Buzqov kəndləri də abadlaşdırılıb, kənd təsərrüfatı, təhsil, mədəniyyət, səhiyyə sahələrində mühüm tədbirlər həyata keçirilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, şura üzvü Nihal Məmmədov, partiyanın Babək Rayon Təşkilatı Payız kənd ilk partiya təşkilatının sədri Elxan Babazadə və Şəkərabad kənd ilk partiya təşkilatının sədri, şura üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sədaqət Mahmudov çıxış ediblər.

Sonda partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

X X X

Culfa rayonunun Dizə Kənd Mərkəzində keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimovun məruzəsi dinlənilib.

Bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə mürəkkəb ictimai-siyasi şəraitin yaranması, hakimiyyət uğrunda gedən mübarizələr, daxili siyasi qarşıdurmalar nəticəsində ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış, siyasi gərginlik artmış, respublikamız siyasi-iqtisadi böhran vəziyyətinə düşmüşdü. Belə bir ağır vəziyyətdə, ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq dövlətimizi bu böhrandan, fəlakətdən qurtaracaq yeni siyasi qüvvəyə ehtiyac var idi. Azərbaycanın gələcək taleyini düşünən insanlar bilirdilər ki, belə bir siyasi partiyanın rəhbəri dahi şəxsiyyət, dünya səviyyəli siyasətçi və dövlət xadimi, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən, ümumxalq sevgisini və hörmətini qazanmış Heydər Əliyev ola bilər. Beləliklə, 1992-ci il noyabr ayının 21-də YAP-ın təsis konfransı Naxçıvan şəhərində keçirildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

Ötən illər ərzində muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən ətraflı söhbət açan Qadir İbrahimov Culfa rayonunda görülən işlərdən də danışıb. Qeyd edib ki, Naxçıvanın Şərqə açılan qapısı olan Culfa rayonunda misli görünməmiş quruculuq tədbirləri, yaşıllaşdırma, təmizlik, abadlıq işləri geniş vüsət alıb. Culfa şəhəri simasını dəyişib, 20 kənd abadlaşdırılaraq müasir yaşayış məntəqələri siyahısına daxil olub. 17 kənd mərkəzində ərazi ilk təşkilatları üçün iş otaqları ayrılıb, hərtərəfli şərait yaradılıb. Hazırda Culfa şəhərində və rayonun kəndlərində quruculuq işləri uğurla davam etdirilir, yeni iş yerləri açılır, əhalinin həyat səviyyəsi yüksəlir. Quruculuq proseslərində YAP Culfa Rayon Təşkilatının üzvləri fəallıqla iştirak edirlər.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşkilatın Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Dizə kənd ərazi ilk təşkilatının sədri Ədalət Əhmədov çıxış edib, şagirdlər Ümummilli Liderimizə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda partiya sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri verilib.

X X X

Kəngərli rayonunun Şahtaxtı kəndində YAP-ın yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbirdə partiyanın Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva “Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi partiyasıdır” mövzusunda çıxış edib.

Qeyd olunub ki, YAP Azərbaycan xalqının ictimai-siyasi tarixində müstəsna yeri və əvəzedilməz xidmətləri olan partiyadır. Onun tarixi Azərbaycan xalqının əldə etdiyi milli müstəqillik, istiqlaliyyət, dövlətçilik mübarizəsi və nailiyyətləri ilə qırılmaz şəkildə bağlıdır.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı nəticəsində YAP iqtidar partiyası statusu qazanaraq dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, mahir diplomatik-siyasi fəaliyyəti və yenilməz iradəsi ilə böyük uğurlara imza atdı. Azərbaycanda xalq və dövlət birliyi olan qüdrətli ölkə quruldu. Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir guşəsindən görünür. Bu həqiqətin əsasını dövlət başçımızın xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.

Sevda Quliyeva diqqətə çatdırıb ki, Heydər Əliyev siyasi məktəbinin davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun muxtar respublikada gördüyü böyük quruculuq işləri, yaratdığı dayanıqlı ictimai-siyasi sabitlik onun xalqa olan bağlılığını və Ulu Öndərin işıqlı ideyalarına sadiqliyini nümayiş etdirir. Muxtar respublikamızda əldə olunmuş nailiyyətlər bu yolun uğurla davam etdirilməsinin bariz ifadəsidir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Şura üzvü Səfər Qazıbəyov, Qadınlar Şurasının üzvü Sona Cəfərova, Gənclər Birliyinin üzvü Yunis Ələkbərov mövzu ilə bağlı çıxış ediblər.

Sonda partiyanın sıralarına yeni qəbul olmuş bir qrup gəncə üzvlük vəsiqələri verilib.

X X X

Sədərək Rayon Mədəniyyət Evində YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə təşkil edilən tədbirdə çıxış edən YAP Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, ötən illər ərzində Azərbaycanın bütün bölgələrini əhatə edən iqtisadi və sosial islahatlar Naxçıvan Muxtar Respublikasında da dinamik inkişafa səbəb olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun rəhbərliyi ilə 1995-ci ildən başlanan böyük quruculuq işləri xalqa, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir.

Tədbirdə rayon təşkilatının idarə heyətinin üzvü Nəsimi Rzayev, Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev, partiya fəalı Fatma Abbaszadə çıxış edərək vurğulayıblar ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlalımızın dönməzliyinin təmin olunması, ölkədə həyata keçirilən geniş və çoxşaxəli islahatlar məhz YAP-ın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adı ilə bağlıdır. Həyata keçirilən siyasət iqtidar partiyası kimi onun nüfuzunu gündən-günə daha da artırır.

Bir qrup gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunduqdan sonra tədbir iştirakçıları ağacəkmə aksiyasında iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...