YAP zəfər və qələbələr partiyasıdır! TƏDBİR

Samux rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatının akt zalında partiyanın yaradılmasının 26-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur”.

Tədbirdə Samux rayon İH başçısı Alı Qocayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: “Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Samux sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər”.

A.Qocayev həmçinin, Samux rayonunda həyata keçirilən geniş quruculuq işləri haqqında da məlumat verib.

Sonra tədbirdə YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova, Zazalı kənd tam orta məktəbin direktoru Ceyhun Mürsəlzadə və Gənclər Birliyinin fəal üzvü Qurban Həsənov çıxış edərək, partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli inkişaf yolu haqqında fikirlərini bildiriblər.

Tədbirin sonunda ictimai-siyasi aktivliyi ilə seçilən bir qrup partiya üzvünə Fəxri fərmanlar və hədiyyələr, YAP sıralarına yeni qoşulan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...