"Paşinyanın səriştəsizliyi bütün səylərini nəticəsiz qoyub" ÖZƏL-RƏY

“Ermənistanda ictimai-siyasi vəziyyət gündən-günə gərginləşir. Eçmiədzin rayonunda bir qrup vətəndaş istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib. “Yeni Ermənistan, yeni patriarx” devizi ilə başlayan aksiyanın iştirakçıları II Qareginin kilsəyə layiq olmadığını deyirlər. Aksiya iştirakçılarının iddialarına görə, o agentdir və xalqın xeyrini zərrə qədər də düşünmür. Ali patriarx “məxməri” inqilaba qədər ölkəni idarə edən cinayətkar rejimə satılmaqda ittiham olunur. Deputatlar da II Qareginə qarşı çıxırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, parlamentin son iclasında katolikosun mühafizəsi haqqında qanun layihəsi qəbul olunmayıb: “Sənədi Respublikaçılar Partiyası təqdim edib. Qanun layihəsi parlamentdə qızğın mübahisələrə səbəb olub. Bunu görən Paşinyan II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif edib. Lakin I Aram bu təklifdən imtina edərək Paşinyana bildirib ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu qalmayıb.

Qeyd olunur ki, Ermənistanda din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin də dəstəyinə də nail olmağa çalışırlar. Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etsə də, səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qalıb. Paşinyanın qorxusu odur ki, hələ də kilsə üzərində nəzarəti ələ keçirməyib və bundan istifadə edən Respublikaçılar hər an ona zərbə vura bilərlər. II Qareginlə Paşinyan arasında patriarxın könüllü olaraq vəzifəsini tərk etməsi barədə razılıq əldə olunduğuna dair xəbərlərin yayılmasına rəğmən, onun hələ də bütün ermənilərin katolikosu olaraq qalmasının səbəbi də elə Respublikaçıların müqavimətidir. Xatırladaq ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsü ilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir neçə aydır ki, Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb, indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər. Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq əhali də keşişlərə qoşularaq katolikosu “məxməri inqilaba”dək Ermənistan rəhbərliyindəki cinayətkar rejimə satılmaqda ittiham edirlər. Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.

Digər tərəfdən, Partiyanın sədr müavini Eduard Şarmazanov və bir neçə deputat iclas zalını tərk edib. Sənədin qəbul olunmamasında onlar Nikol Paşinyanın “Çıxış” fraksiyası və tərəfdarlarını qınayıblar. “Çıxış” fraksiyasından isə bildiriblər ki, xalqın arasında katolikosun sərbəst gəzə bilməsi öz problemidir. Bu barədə o, özü düşünməlidir. Deputat Alen Simonyanın sözlərinə görə, Ermənistan büdcəsi ümumerməni katolikosunun dövlət mühafizəsi üçün maliyyə vəsaitinin artırılmasına imkan vermir.

Ölkədə bütün bu proseslər baş verərkən digər tərəfdən, korrupsiya halları da geniş yayılıb. Belə ki, Respublikaçı Marqarit Esayan isə baş naziri də mühafizə xidməti üçün xərclərdən imtina etməyə çağırıb. Bu arada, Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçaqan Kazaryan yenidən həbs edilib. Kassasiya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib. Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. Kazaryanın evində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 milyon dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nağd pul tapılıb. Bank hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb. Nəticədə Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini həbs edilsə də, iyulun sonlarında 2 milyon ABŞ dolları girov müqabilində azadlığa buraxılıb.

Ermənistanda etiraz aksiyalar getdikcə böyüməkdədir. Belə ki, II QaregiNƏ qarşı başalayan etriaz aksiyaları özünü başqa sahələrdə də göstərməkdədir. Xüsusilə, Ermənistanın yeganə quru yolu olan Yuxarı Lars sərhəd-keçid məntəqəsi bir neçə gündür bağlı olmas ilə əlaqədar etirazlar başlayıb. Sərhəddə qalan insanlar əsəblərinin tarıma çəkildiyini deyirlər. Yüzlərlə yük avtomobili yaranmış problemin nə vaxt həll olunacağını gözləyir. Ölkənin nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Armen Pambuxçiyan hələ şənbə günü vətəndaşlara keçid məntəqəsinin açılacağı ilə bağlı söz vermişdi. O demişdi ki, ucqar ərazilərdə güclü qar yağdığından yolun dolayları gediş-gəliş üçün təhlükəlidir. Rəsmi açıqlama yükdaşımalarla məşğul olan şirkətlərdə ciddi narahatlıq yaradıb. Onlar bu müddətdə xeyli pul itirəcəklərini bildirirlər. İqtisadçılar da hesab edirlər ki, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin bir gün də bağlı qalması yükdaşımalarla məşğul olan şirkətlər üçün təhlükəlidir. Hökumət uzun illərdir bu problemi həll edə bilmədiyindən eyni hal illərdir təkrarlanır. Ona görə də yükdaşımalarla məşğul olan əksər şirkətlər Ermənistana yük gətirməkdən imtina edirlər.

İrəvan zooparkının əməkdaşları da tətilə başlayıblar. Etirazçılar direktor Ruben Xaçaturyanın istefasını, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını tələb edirlər. Bildirilir ki, Yerevan zooparkı məhv olmaq üzrədir. Hər gün heyvanlar naməlum səbəblərdən ölür. Sonuncu dəfə 800 min dram qiyməti olan maral tələf olub. Heyvanların kütləvi qırılma səbəbi heyvanat parkında gərginliyi artırıb. Aksiya iştirakçıları zoopark sakinlərinin pis şəraitdə, üstəlik ac saxlanıldığını iddia edirlər. Onlar özlərinin də xidmətləri müqabilində cüzi əməkhaqqı aldıqlarını hökumətin diqqətinə çatdırmaq üçün tətilə başladıqlarını bəyan ediblər.

Nəticə etibarə ilə ölkədə günü-gündən xaos dərinləşməkdədir. Paşinyan isə mövcud problemlərin öhdəsindən gələ biləcək real addımlar ata bilmir. Atdığı addımlar isə uğursuzluqla nəticələnir. Paşinyan hazırkı vəziyyət bütün diqqətlərini yalnız seçkiyə yönəltdiyi üçün ölkədə baş verən proseslər və xarici siyasətdəki uğursuzluqları onu çoxda maraqlandırmır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...