"Belarus bazarlarında Azərbaycan mallarına tələbat artır" ÖZƏL-RƏY

“Azərbaycan Prezidentinin Belaruslu həmkarı ilə Minskdəki görüş zamanı mətbuat üçün verdiyi açıqlamada ifadə etdiyi kimi, iki dost ölkə arasında hərbi-texniki əməkdaşlığın yetərincə böyük həcmi və genişlənməyə yaxşı meyli var. Əlbəttə, cənab Prezident bu fikri, özəlliklə də, məhz “genişlənməyə yaxşı meyli var” sözlərini təsadüfən deməyib; elə bilirəm, bu meyl bütün digər sahələrə, əməkdaşlıq müstəvilərinə də aiddir və nə yaxşı ki, belədir”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, dövlət başçımızın Belarusa artıq beşinci dəfə səfər etməsi, qarşılıqlı olaraq, cənab Lukaşenkonun respublikamıza dörd dəfə rəsmi səfərə gəlməsi, eləcə də, İlham Əliyevin belarus həmkarını yenidən Azərbaycana rəsmi səfərə dəvət etməsi; habelə parlamentlər, hökumətlərarası əlaqələr, bir sıra quruluşlarda, uluslararası qurumlarda qarşılıqlı maraqların gözlənməsi və s. Azərbaycanla Belarus arasında münasibətlərin səviyyəsinin nə qədər yüksək qatda olmasını göstərir: “Bütün bunlar, ölkələrimizin qarşılıqlı münasibətlərinin ifadəsi olaraq, strateji tərəfdaşlıq təyinini işlətməmizi tələb edir; dövlət başçılarının vurğuladığı kimi, bu strateji tərəfdaşlıq işbirliyimizin yalnız bir sahəsi ilə məhdudlaşmır və başqa sahələri də əhatə edir.

Bilirsiz, heç də hər dövlətə, xalqa nəsib olmur ki, bir-birindən yüz kilometrlərlə uzaqda yerləşməsinə, dil, din, adət-ənənə fərqliliklərinə baxmayaraq, qarşılıqlı siyasi münasibətlər bu qədər yüksək səviyyə göstərsin – dövlət başçıları tərəfindən etiraf olunan qarşılıqlı etimad, səmimi dostluq, sayğıduyarlıq mövcud olsun. Ona görə də, Azərbaycanla Belarus arasındakı münasibətlər örnək münasibətlərdir və yəqin ki, yeni dövrün tarixşünaslığı bu məsələyə biganə qalmayacaq.

Artıq Belarus bazarlarında Azərbaycan mallarına tələbat artır, özü də, məhsularımız alıcılar tərəfindən maraqla qarşılanır; bunlar da, siyasi, hərbi, miqrasiya, fövqəladə hallar, turizm sahəsində işbirliyi ilə yanaşı, digər sahələr üzrə də təməlli yaxınlaşmanı, ikitərəfli ticarətin gücləndirilməsini də ifadə etməkdədir və bu, hər iki ölkənin çıxarlarına uyğundur.

Heç kəsə sirr deyil ki, dost ölkələr arasındakı münasibətlər kiməsə, nəyəsə qarşı deyil, iki müstəqil dövlətin səmimi münasibətləridir; bununla belə, KTMT-nin erməni baş katibinin yerinə Belarusun Bakıda təhsil almış general namizədinin gətiriləcəyi ilə bağlı versiyanın müzakirə olunduğu bir vaxtda Minskdən Azərbaycanın ünvanına isti mesajların verilməsi, qarşılıqlı münasibətlərinin yüksək səviyyəli nümayişi dostlarımızı sevindirməklə yanaşı, dostluqdan, qonşuluqdan anlamayanlara da kədər bəxş etməkdədir.

Onu da vurğulayaq ki, Minskdə imzalanan sənədlər arasında bir memorandum da var, o sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın alınmasına dairdir; özü də bu, ilk və son alış olmayıb, məhz hərbi texnikanın növbəti partiyası olmaqdadır. Bir sözlə, dost Belarusla münasibətlərimiz çox dəyərlidir, bunun üçün hər iki ölkənin Prezidentinin şəxsi dostluğu, səmimiyyəti ayrıca qeyd olunmalı, alqışlanmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə