“Müxalifətin niyyəti ictimai diqqəti özünə cəlb etmək idi” ÖZƏL-ŞƏRH

“Yayılan informasiyalardan belə bəlli olur ki, 17 noyabr - Milli Dirçəliş Günü ərəfəsində özünü müxalifət elan etmiş partiyaların rəhbərlərinin geniş toplantısı keçirilib. Müsavat partiyasından İsa Qəmbərin, Arif Hacılının, Vətəndaş Həmrəyliyi partiyasından Sabir Rüstəmxanlı və digərlərinin də qatıldığı tədbirə kimsə müdaxilə etməyib, xətirlərinə dəyən olmayıb. Bu misalı ona görə çəkdim ki, qanunlar çərçivəsində keçirilən tədbirlərə kimsə müdaxilə etmir, qanunlar çərçivəsində münasibət göstərilir”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, amma sonradan AXCP təmsilçiləri və özünü “Milli Şura” elan edən qurum təmsilçiləri qaydaları pozaraq, icazəsiz aksiya keçirməyə, küçə yürüşü keçirməyə cəhd ediblər: “Polis də qanunsuz aksiyanın qarşısını alıb. Polisin davranışı qanunlar çərçivəsindədir, aksiyalar keçirməyin standartları, qaydaları var. Polis də qanunlara sayqısızlıq göstərənləri qanunlara hörmətə dəvət edib, tabe olmayanları saxlayaraq cərimələyib. Burada qeyri-adi bir şey yoxdur, dünyanın hər yerində belədir. Burada qəribə görünən məqam qanuna sayqısız yanaşanların, icazəsiz aksiya keçirmək istəyənlərin özlərinə bəraət qazandırmaq, ictimai rəyi çaşdırmaq üçün istifadə etdikləri vasitələrdir. Onlar bunun üçün şəhidlərin adından istifadəyə cəhd edirlər. Guya məqsədləri Şəhidlər Xiyabanını ziyarət etmək imiş. Açıq aşkar görünür ki, niyyətləri Xiyabanı ziyarət etmək olmayıb. Qanunsuz yürüş keçirəndə polisin müdaxilə edəcəyini də bilirdilər. Deməli məqsəd bu yolla skandal qoparmaq, ictimai diqqəti özlərinə cəlb etmək olub. Amma hesab edirəm ki, polisin təmkinli və peşəkar davranışı onların planlarını pozdu, skandal yaratmaq mümkün olmadı, kimsəyə zor tətbiq edilmədi, xəsarət yetirilmədi, sadəcə adamlar qanunu pozduqları üçün saxlanılıb cərimələndilər və sərbəst buraxıldılar. Narahatlıq doğuran odur ki, müxalif düşərgənin davranışlarında yeni tendensiya ortaya çıxır. Onlar niyyətlərini gerçəkləşdirmək üçün bütün vasitələrə əl atdıqları kimi, uca Şəhid adını da istifadə edirlər. Bu, eyibdir, yolverilməz haldır. Yaxşı ki, dövlət qurumlarının açıqlamaları və KİV-lərin əhatəli məlumatları ictimai rəyin çaşdırılmasının qarşısını aldı, onların əsl niyyətlərini ortaya qoydu”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə