Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçib FOTO

YAP Pirallahı rayon təşkilatı partiyanın 26-cı ildönümünü qeyd edib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi İlham Əskərov YAP-ın yarandığı gündən bu günədək keçdiyi şərəfli yoldan danışaraq qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyev ideyalarından danışarkən, partiyanın bilavasitə Onun tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Lider Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq. “Azərbaycanın böyük tarixi şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli varisi cənab İlham Əliyev tərəfindən, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir”, deyən natiq Yeni Azərbaycan Partiyasının ölkəmizdə ən güclü, monolit siyasi təşkilat olduğunu da bildirib: “Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçib. İqtidar partiyası olaraq, YAP Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir”.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanova YAP Pirallahı rayon təşkilatının fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib: “Partiyanın qurucusu Ümummilli Lider Heydər Əliyevin söylədiyi kimi, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. Biz gələcəyə aydın proqramla, güclü rəhbərimiz, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək iri addımlarla irəliləyirik”.

YAP Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov YAP Pirallahı rayon təşkilatı "Abşeronneft" NQÇİ ərazi ilk partiya təşkilatının fəaliyyətindən danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir”.

YAP Pirallahı rayon təşkilatı sədrinin müavini Bəxtiyar Balakişiyev YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarovun adından tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə təbrik edərək bildirib ki, bu gün YAP Pirallahı rayon təşkilatı öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. “Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz ənənəsinə sadiq qalaraq rayonun ictimai-siyasi həyatında öz aktivliyi ilə seçilərək rayonda aparılan abadlıq-quruculuq işlərində, mədəni-kütləvi tədbirlərin keçirilməsində fəal iştirak edib”, natiq bildirib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup şəxsə partiyaya üzvlük vəsiqələri təqdim olunub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə