"Belarus-Azərbaycan əlaqələri Ermənistanda narahatlıq yaradıb" RƏY-ÖZƏL

“Belarus ilə Azərbaycan arasında əməkdaşlıq özünün xüsusi xarakteri, ən əsası isə, davamlı inkişafa meylli olması ilə seçilir. Prezidenti İlham Əliyev hər zaman Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırıb. Belə ki, Azərbaycan Prezidenti qeyd edib ki, Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Ölkə Prezidenti səviyyəsində iki ölkə arasındakı münasibətlərin səviyyəsinin belə yüksək qiymətləndirilməsi obyektiv əsaslara söykənir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

Belarus və Azərbaycanın bütün sahələrdə-siyasi, iqtisadi, mədəni, enerji, hərbi-qarşılıqlı səmərəli əməkdaşlığa malik olduğunu deyən politoloq söyləyib ki, tərəflər arasında əməkdaşlığın konstruktivliyini təmin edən mühüm məqamlardan biri hər iki tərəfin əməkdaşlığın yeni-yeni trendlərinin axtarışında olmasıdır: “İki ölkə başçısı arasında Minskdə keçirilən görüşünün protokolda nəzərdə tutulandan daha çox çəkməsinin səbəbi də məhz əməkdaşlığın inkişaf etdirilməsinin yeni yollarının axtarışıdır. KTMT-nın son Astana zirvəsi ilə bağlı məsələlərin və regionda baş verən son hadisələrin müzakirə edilməsi də təkbətək görüşün maraqlı və uzun çəkməsinə səbəb olan amil ola bilər. İqtisadi və hərbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılacaq yeni addımlar barəsində müzakirələrin aparılması da geniş bir vaxt tələb edir. Bu səbəbdən də görüşün bu qədər uzun baş tutması gözlənilən idi”.

2019-cu ildə Belarusda Bakıdan sonra ikinci Avropa Oyunlarının keçiriləcəyini xatırladan E. Aşırlının fikrincə, belə miqyaslı tədbiri yüksək səviyyədə keçirən Azərbaycanın təcrübəsindən ətraflı faydalanmaq istəyən Lukaşenkonun Prezidentimizdən maraqlanacaqları var.

Politoloq qeyd edib ki, Azərbaycan-Belarus arasında Birgə Bəyanata dair əhəmiyyətli sənədin imzalanması iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini göstərir: “Birgə bəyanatın imzalanmasında ən əhəmiyyətli amil 6-cı maddədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar məqamların öz əksini tapmasıdır. Bəyanatda qeyd olunur ki, tərəflər, yəni dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, tərəflərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklər sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər. Bu, bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir. Münaqişənin həllinin əsasları da beynəlxalq ictimaiyyət üçün aydın xarakter daşıyır ki, bu da Azərbaycanın ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələridir”.

E. Aşırlı vurğulayıb ki, ölkələrimizin üzv olmadığı beynəlxalq təşkilatlarda da biri-birini dəstəkləməsi, Belarus ilə Azərbaycan arasında olan yüksək etimadın təcəssümü və göstəricisidir:

“Dövlətimizin başçısı Minskdə mətbuata bəyanatında da qeyd etdi ki, bu, sanki avtomatik xarakter daşıyır. Yəni, hər hansı bir məsləhətləşmə olmadan belə, Azərbaycan və Belarus üzv olmadıqları, biri üzv olmadığı beynəlxalq təşkilatlarda öz dəstəyini verir və bu dəstək mütəmadi, davamlı xarakter daşıyır. Həmçinin Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə çox sıx əməkdaşlıq var. Səfər çərçivəsində hərbi-texniki əməkdaşlığın inkişafı ilə əlaqədar da Anlaşma Memorandumu imzalandı. Bu Memorandumdan irəli gələrək hava hücumlarından müdafiə sistemlərinin, müxtəlif hücum vasitələrinin, o cümlədən atəş-idarəetmə sistemlərinin alınması üzrə kontraktlar həyata keçiriləcək”.

Belarus Respublikası ilə imzalan birgə bəyanata Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddənin əlavə olunmasının Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin bariz nümunəsi olduğunu deyən ekspert qeyd edib ki, Belarus-Azərbaycan əlaqələrinin dərinləşməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə irəliləyişlərə nail olması baxımından da təsirli olacaq: “Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Belarusun Azərbaycan qədər beynəlxalq hüquq normalarının yanında möhkəm qərarlaşdığı son görüşlərdə bir daha təsdiqləndi”.

Belarus ilə Azərbaycan arasında strateji xarakter alan əlaqələrin Ermənistanda narahatlıq yaratdığını qeyd edən E. Aşırlı deyib: “Paşinyan ötən gün keçirdiyi mətbuat konfransı zamanı Azərbaycan-Belarus strateji əməkdaşlığından ciddi təşvişə düşdüyünü gizlətməyib. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri çərçivəsində Belarusun dövlət başçısı Aleksandr Lukaşenko ilə bir çox sahələrdə, o cümlədən, hərbi-strateji sahədə eyni fikirlərini bölüşməsi onun təşvişini artırıb və bəyanat səsləndirməyə məcbur edib. Belarusda imzalanmış ikitərəfli memorandum əsasında silah təchizatı məsələsinin də yer almasından narahat olan Paşinyan bildirib ki, bu anlaşmalar KTMT üzvü olan Ermənistanın maraqlarına zərbədir. Bu baxımdan, Belarus tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirlər rəsmi İrəvanı və Paşinyanı narahat etməyə bilməz.

Çünki üzv olduğu KTMT-nın üzv ölkələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləmələri Ermənistanın mövqeyinin zəifləməsi deməkdir. Xüsusilə, erməni ekspertləri və ictimaiyyəti Paşinyanı Xaçaturovu geri çağırmaqla səhv addım atdığına görə günahlandırırlar. Erməni ekspertləri bildirirlər ki, Paşinyanın Astana zirvəsinin uğursuzluqla nəticələnməsi rəsmi İrəvanın mövqeyinin KTMT-da zəifləməsinə gətirib çıxaracaq. Bu baxımdan onlar hesab edirlər ki, Qarabağ məsələsində KTMT-ə üzv olan ölkələr tərəfindən təklənəcəklər. Belə olan halda KTMT-yə üzv olan ölkələr Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyəcəklərini ifadə edə bilərik. Təbii ki bu da erməni hökumətində və ictimaiyyətin ciddi narahatlıq yaradır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə