“Böhran KTMT-də deyil, Ermənistanın idarəçiliyindədir” MODEST KOLEROV

Rusiyalı politoloq növbəti dəfə erməniləri pəjmürdə etdi

Ermənistanın “168 jam” qəzeti yazır ki, KTMT-nin baş katibliyi postuna namizədlik məsələsi ətrafında Nikol Paşinyanla Belorus prezidenti Aleksandr Lukaşenko arasındakı “mübazirə” təşkilat daxilində böhrana səbəb olub və apogey yaşanıb. SİA xəbər verir ki, bununla bağlı adıçəkilən erməni nəşrinin suallarını cavablandıran Regnum agentliyinin baş redaktoru, Rusiya Federasiyasının I dərəcəli həqiqi dövlət müşaviri və politoloq Modest Kolerov KTMT-də heç də böhranın yaşanmadığını deyib. “KTMT-də böhran yoxdur”, deyə erməni qəzetinin iddialarını rədd edən rusiyalı politoloq bildirib ki, KTMT çox yumşaq bir təşkilatdır və iştirakçıları qarşısına sərt məhdudiyyətlər qoymur: “Ermənistan KTMT-yə diktə etmək qərarını versə də, o buna müyəssər olmayacaq və mən bu məsələdə heç bir böhran görmürəm. Lakin mən Ermənistanın idarəçiliyində böhranı görürəm, lakin bu KTMT böhranı hesab edilə bilməz”.

“Paşinyan tərəfindən deyilən sözlər heç bir məna kəsb etmir”

Qəzetin erməni tərəfinin öz mövqeyində israrlı edəcəyi ilə bağlı xatırlatmasını da cavablandıran Modest Kolerov bu israrların heç bir nəticə verməyəcəyini də qeyd edib: “Paşinyan tərəfindən deyilən sözlər heç bir məna kəsb etmir, belə ki, qərarlar konsensus şəklində qəbul edilir. Hətta Lukaşenkoya və Nazarbayevə hədə gələrək, izahat tələb etməsi belə, ona kömək etməyəcək”.

Kolerov, ümmiyyətlə, Paşinyanın istər KTMT-yə, istərsə də Rusiyaya yönəlik siyasətində ciddi və kobud səhvlərə yol verildiyini deyib, son zamanlar baş verən olayların ölkəyə ciddi fəsadlar yaradacağını da istisna etməyib.

“Paşinyan həm faktiki, həm də ideoloji cəhətdən uduzur”

Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlı, xüsusilə, anti-Rusiya xarakterli “Sasna-srer”in partiyasının seçkilərdə ilştirakı məsələsinə də toxunan rusiyalı siyasi şərhçi bildirib: “Hakimiyyət iki il öncə terror aksiyası törətmiş “Sasna-srer” üzvlərinə amnistiya qərarı verəndən sonra onlar radikal partiyayaya çevrilblər. Qeyd edim ki, onlardakı radikalizm Nikol Paşinyandan daha çoxdur. Radikalizm məsələsində Paşinyan yavaş-yavaş “Sasna-srer”ə uduzmağa başlayır və o, zaman-zaman bu siyasi gücün qarşısında daha çox geri çəkilməli olacaq. Belə ki, onun bu güclərə qarşı göstərdiyi mövqe nümayiş etdirir ki, Paşinyan həm faktiki həm də ideoloji cəhətdən bu gücə qalib gələ bilməyəcək. “Sasna-srer öz nüfuzunu Paşinyanın hesabına artıracaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə