Azərbaycan AŞPA-nın tədbirlərində təmsil olunacaq

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 21-də Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Büronun iclasında Gürcüstanda prezident seçkilərinin müşahidəsinin nəticələri, Moldovada və Ermənistanda keçiriləcək parlament seçkiləri, Assambleyaya daxil olma və davranış qaydaları barədə və s. məsələlərə baxılacaq.

Daimi komitənin yığıncağında “Bərabərlik və qeyri-diskriminasiya” mövzusunda fikir mübadiləsi aparılacaq, Avropa Şurası Nazirlər Komitəsinin, qurumun Sosial işlər, sağlamlıq və davamlı inkişaf, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin fəaliyyəti müzakirə olunacaq.
Səfər noyabrın 24-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə