"Belarus və Qazaxıstan Azərbaycanın maraqlarını müdafiə edir" ÖZƏL-ŞƏRH

“Azərbaycan-Belarus arasında müstəqillik dövrü ərzində diplomatik münasibətlərin qurulmasından 25 il ötdü. Bu illər ərzində hər iki ölkə maksimum dostluq və qardaşlıq prinsiplərinə sadiqlik nümayiş etdiriblər. İndiyə qədər ölkələrimiz arasında etimadsızlıq və ya hər hansı diplomatik narazılıqlar baş verməyib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, MDB-də təmsil olunmağımızla yanaşı ikitərəfli münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə qalxıb: “Son bir neçə il ərzində bu münasibətlər daha da möhkəmlənib və iqtisadi sahədə əməkdaşlıq daha da artıb. Bundan başqa hərbi əməkdaşlıq və Belarus istehsalı olan hərbi texnikaların alınması istiqamətində mühüm addımlar atılıb. Bu yaxınlarda isə Belarus Prezidenti cənab Lukaşenko ölkəmizin səfirini qəbul edərək Kollektiv Təhlükəsizlik Müqviləsi Təşkilatının (KTMT) işi barədə onu məlumatlandırması KTMT üzvü olan Ermənistanın narazılığına səbəb olub.

Belarus prezidenti cənab Lukaşenkonun Azərbaycan səfiri ilə görüşündən rahatsız olan erməni XİN nümayəndələrinin etirazı başa düşüləndir. Bu görüşdə KTMT-nin səlahiyyətlərinə aid məsələnin müzakirəsi Ermənistanı özündən çıxarıb. Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan isə Belarus prezidenti və Azərbaycan səfiri arasında görüşdə KTMT-nın daxili məsələlərinin Bakı ilə müzakirə edilməsinin doğru olmadığını bildirib. KTMT-də təmsil olunan dost ölkələr sayəsində bu təşkilatda qəbul edilən qərarlarla tanışlığımız çox vacibdir. Azərbaycan KTMT-nın üzvü olmasa da bu təşkilatda ölkəmizə qarşı hər hansı bir planın hazırlanması mümkün deyil. KTMT-nin ən fəal və aparıcı üzv dövlətləri Belarus və Qazaxıstan birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edirlər. Belarus Respublikası Prezidentinin bütün səviyyələrdə ölkəmizin maraqlarına toxunacaq qərarlarda iştirak etməyəcəyini əminliklə deyə bilərəm. Təbii ki, biz də öz növbəmizdə Belarusun dar günüdə yanında olmuşuq. Belarusun böyük krizis dönəmində eyni etnik kökdən olduqları Rusiyanın hətta faizlə kredit verməkdən imtina etdiyi halda Azərbaycan özünü vəziyyətinin çətin olmasına baxmayaraq qardaş ölkə qismində çıxış edərək bu ölkəyə faizsiz və uzunmüddətli borc verdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə