“ABŞ hər il qondarma, separatçı quruma maliyyə yardımı ayırır" ÖZƏL-RƏY

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransadan sonra ABŞ-a səfər etməsi və bu səfərin təşkilinə görə riyakarlıq və saxtakarlıq edib boyunlarından atmaqlarına baxmayaraq birbaşa cavabdehlik, təşkilatçılıq Fransa və ABŞ dövlətləridir. Yəni bunun ayrı adı yoxdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, indi Fransanın Azərbaycandakı səfiri qeyri-səmimi, gülünc bir münasibət bildirib ki, bu Fransa dövlətinin mövqeyi deyil: “Bu zaman sual ortaya çıxır bəs onda bu kimin mövqeyidir? Axı sənin dövlət sərhədlərini keçib və ölkənə cinayətkar, terrorçu daxil olub. Əgər sənin rəhbərliyin buna icazə vermirsə Saakyan Fransaya necə gələ bilər? Eləcə də bunu ABŞ-a şamil edə bilərik. ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin hər üçü ermənipərəst mövqe tutan dövlətlərdir. Onların bu illər ərzində məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamağı davam etdirmək olub, status-kvonu qoruyub saxlamağı davam etdirmək olub və bu yolla da Azərbaycanı məcbur etmək istəyiblər ki, ölkəmiz Dağlıq Qarabağı ermənilərə güzəştə getsin. Ancaq bunların o xam xəyalları öz ürəylərində qalıb və buna nail ola bilməyiblər. Onlar bu gün də o fikirlərindən əl çəkmirlər.

Çünki bu həmsədrlər səfər zamanı Dağlıq Qarabağdakı cinayətkar, separatçı quruma getmək, orada onların rəhbərləri ilə görüşmək, zəhərlənmək, yeyib-içmək və s. onu göstərir ki, de-yuri olmasa da, de-fakto bunlar o qurumu tanıyırlar. Onlar yalandan tanımadıqlarını deyirlər. Axı tanımaq necə olur? Sən bu qondarma quruma rəhbərlik edən hərbi cani, cinayətkar Bako Saakyanı dəvət edirsənsə, onunla müxtəlif səviyyələrdə görüşlər keçirirsənsə bəs bu tanımaq deyil nədir? Sən Dağlıq Qarabağa gedib və orada binanın qarşısında yazılanda ki, qondarma Dağlıq Qarabağ Respublikasının prezident aparatı və sən o binaya daxil olursansa bu tanımaq deyil? Yəni bunun başqa bir adı yoxdur. İndi də bunlar bütün diplomatik, etik normaları pozaraq separatçı, cinayətkar qurumun nümayəndələrini dəvət edirlər, onunla alış-veriş edirlər, sövdələşirlər, onu himayə edirlər, ona maliyyə və başqa dəstəklər göstərirlər. Bu o deməkdir ki, bunlar uzun illər boyu Azərbaycana qarşı riyakarlıq edirlər və qeyri-səmimidirlər. 1992-ci ildən bu günə qədər ABŞ hər il həmin qondarma, separatçı quruma maliyyə yardımı ayırır. Əgər tanımırsansa bunu bəs niyə o zaman həmin pulu onlara ayırırsan? Demək onları qoruyub saxlayırsan və onları yaşatmaq üçün verirsən”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə