“GAP” necə gopa basır? TƏRS BAXIŞ

Yaxud, Rəsul Quliyev “gəlməyəcəyəm” desə də, Ağasif Şakiroğlu “gələcəksən” deyir

Bir vaxtlar okeanın o biri tərəfindən ölkəyə geri dönəcəyi ilə bağlı tez-tez səsli-küylü bəyanatlar səsləndirən, lakin sonradan bu iddialarından əl çəkən sabiq spiker Rəsul Quliyevin Azərbaycandakı sözçüsü “Gələcək Azərbaycan Partiyası”nın (“GAP”) sədri Ağasif Şakiroğlu onun yerinə sözügedən iddiaları irəli sürməyə başlayıb. Məsələ ondadır ki, sosial şəbəkədə müxalifətə ağıl qoymaqla məşğul olan Rəsul Quliyev ümumiyyətlə, “gələcəyəyəm” ifadəsinin üzərindən çalın-çarpaz xətt çəkib. Hətta onun adı İnterpoldan çıxarılsa belə, ölkəyə geri dönməsi məsələsinin üzərindən birdəfəlik xətt çəkilib. Daha dəqiq desək, artıq onun özü də yaxşı bilir ki, radikal düşərgədəki digər müxalifət partiyaları “liderlərindən” fərqli olaraq, Quliyevin onlar qarşısındakı reytinqi aşağıdır. Düzdür, deyə bilərik ki, bütövlükdə radikal düşərgə “liderlərinin” cəmiyyətdə heç bir reytinqləri yoxdur, fəqət onların arasındakı “çəkiyə” baxdığımız zaman, R.Quliyevin “azçəkili” olması qənaətinə gələ bilərik.

Rəsul Quliyevin geri dönüşü “an məsələsiymiş”?

Beləliklə, illərdir ki, tərəfdarlarını aldatmaqla, onlara yalan danışmaqla vaxını keçirən R.Quliyevin yerinə indi də “GAP”ın sədri A.Şakiroğlu necə deyərlər, gopa “basır”. Məsələ ondadır ki, müxalifət partiyasının sədrinə görə, guya onun “liderinin” gəlişi an məsələsidir. O, bu barədə müstəqil medialardan birinə açıqlamasında deyib. Hətta iddia edib ki, R.Quliyevin geri dönüşü “an məsələsiymiş” və s...

“Rəsul müəllimin gəlişi an məsələsidir və aktuallığını itirməyib”, deyən “GAP” sədri hətta bildirib ki, hətta onun gəlişi üçün “ən yüksək səviyyədə” (?-R.R.) müəyyən hazırlıq işləri də görülüb. Hətta belə bir “inamlı” söz də əlavə edərək deyib: “...Bu suala səmimi cavab verməyim prosesə zərər vermiş olar. Bir onu deyə bilərəm ki, görülmüş işlərin mahiyyətini sizli, bizli bütün cəmiyyət çox yaxın dövrlərdə görmüş olacaq. Hesab edirəm ki, suallara cavabı qarşıdakı aylarda Bakıda Rəsul Quliyevin də iştirak edəcəyi mətbuat konfransında (???-R.R.) cavab tapmış olacaqsınız”.

Ancaq ortada heç bir səmimiyyətin də görünmədiyi ortadadır.

Belə goplarla “GAP”, nə də digərləri siyasi cəhətdən burunlarından o tərəfi görə bilməyəcəklər

Maraqlı cəhətlərdən biri də budur ki, ölkənin siyasi səhnəsində izi-tozu belə görünməyən bir partiya sədrinin bu qədər yüksək iddialarla bəyanatlar səsləndirməsi həm də çox gülünc təsir bağlşlayır. Çünki R.Quliyev yuxarıda da qeyd edildiyi kimi, “gəlməyəcəyəm” deyir, onun buradakı nümayəndəsi izafi şəkildə iddialara gedərək, bir növ, “gələcəksən” bəyanatını səsləndirir. Bu, “O olmasın, bu olsun” komediyasındakı “oxu-oxuma” məsələsinə dönən bir amilə çevrilən hal təsirini bağışlamaqdadır. Hətta ən gülünc məqam budur ki, A.Şakiroğlu R.Quliyevin “gəlməsi” prosesini geopolitik proseslərə bağlı olduğunu deyib. Bu amil isə bir daha belə qənaətə gəlməyə əsas verir ki, nəinki “GAP”, elə digər radikalizmə meylli olan müxalifət partiyaları da utopiyalara dalıb, ancaq gopa “basmaqla” məşğuldurlar. Belə goplarla isə nə “GAP”, nə də digərləri siyasi cəhətdən burunlarından o tərəfi görə bilməyəcəklər. Təəssüf ki, gerçəkləri görmək və qəbul etmək yerinə, onlar heç nəyə yaramayan iddialı bəyanatları ilə sadəcə, vaxtlarını “öldürməklə” və öz başlarını aldatmaqla məşğuldurlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...